BAKI, 7 sentyabr. TELEQRAF

İspaniyalı futbolçu Kristian Tello peşəkar karyerasını başa vurub.

Teleqraf xəbər verir ki, son olaraq BƏƏ-nin “Palm City” klubunda çıxış edən və ötn ilin yanvarından klubsuz olan 35 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Bu, istənilən futbolçu üçün çətin günlərdən biridir. Peşəkar futbola vida etmək vaxtı çatıb. Həyatım boyu ən çox sevdiyim işlə 16 il ərzində yüksək səviyyədə məşğul olacağımı heç vaxt təsəvvür etməzdim. Özümü həqiqətən imtiyazlı hesab edirəm. İndi həyatımda fərqli bir mərhələ başlayır. Artıq yarışmaq həvəsi olmasa da, eyni xoşbəxtliklə yaşamağa davam edəcəyəm” - deyə, futbolçu paylaşımda qeyd edib.

Qeyd edək ki, Kristian Tello xüsusilə “Barselona”dakı çıxışı ilə yadda qalıb. Klubun akademiyasında yetişən Tello əsas komandaya 2011/12 mövsümündə Pep Qvardiolanın rəhbərliyi altında yüksəlib. Tello Kataloniya təmsilçisinin heyətində 86 oyuna çıxıb və 20 qol vurub. O, “Barselona” ilə La Liqa, İspaniya Kral Kuboku və İspaniya Super Kubokunu qazanıb. Futbolçunun klubdakı dönəmi 2014-cü ildə başa çatıb. Daha sonra “Porto” və “Fiorentina”da çıxış edən Tello İspaniyaya qayıdaraq “Real Betis”ə keçib. O, bu klubda 5 mövsüm keçirib və Kral Kubokunun qalibi olub.

İspaniyalı futbolçu karyerasının sonrakı dönəmində “Los-Anceles”, “Əl-Fateh”, “Əl-Orobah” və BƏƏ-nin “Palm City” klublarında çıxış edib.