BAKI, 14 may. TELEQRAF
Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün Ваş Kollektiv Sazişi bağlanıb.
Teleqraf xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.
Sənəddə qeyd edilir ki, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (bundan sonra - Tərəflər) Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına, digər beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanaraq, 2026-2028-ci illər üçün sosial-iqtisadi və əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş bağlayırlar.
Tərəflər hesab edirlər ki, Azərbaycan Respublikasında uğurla həyata keçirilən islahatlar, sosialyönlü və dünya təsərrüfat sisteminə inteqrasiya olunan milli iqtisadiyyatın formalaşması, makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi ölkədə yoxsulluq və işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, əhalinin məşğulluğunun təmin olunmasına, yeni iş yerlərinin açılmasına, gəlirlərin artırılmasına və vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən sosial-iqtisadi siyasətdir və bu hədəflərin reallaşdırılması Sazişin prioritet məqsədlərini təşkil edir.
Saziş sosial tərəfdaşlıq sisteminin tərkib hissəsidir və sahə (tarif) sazişlərinin işlənilməsi və bağlanılması üçün əsas təşkil edir.
Qeyd edək ki, sazişi Baş nazir Əli Əsədov, AHİK sədri Sahib Məmmədov və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev imzalayıblar.