BAKI, 14 may. TELEQRAF

"Sülh Körpüsü" təşəbbüsü digər dialoq platformalarından fərqli olaraq, birbaşa hökumətlərlə birlikdə və onların dəstəyi ilə həyata keçirilən xüsusi bir formatdır.

Bunu "Sülh Körpüsü" təşəbbüsünün koordinatoru, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov Teleqraf-a açıqlamasında bildirib.

Ermənistanla vətəndaş cəmiyyəti səviyyəsində qurulan dialoqun gələcək perspektivlərinə toxunan mərkəz direktoru növbəti görüşlərin vaxtının qonşu ölkədəki siyasi proseslərdən asılı olduğunu vurğulayıb:

"Bu formatda iştirak edən mütəxəssislər, eyni zamanda xarici donorların maliyyələşdirdiyi fərqli dialoq platformalarının da üzvləridir. Lakin erməni ekspertlərlə xarici ölkələrdə baş tutan görüşlər “Sülh Körpüsü” təşəbbüsü deyil, digər dialoq platformalarıdır ki, biz orada da bu və ya digər formada iştirak edirik. Sırf hökumətlərin dəstəyi ilə formalaşan “Sülh Körpüsü” formatının taleyi isə Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrindən birbaşa asılıdır. Seçkilərin nəticəsi hökumətlər arasında razılaşdırılmış sülh gündəliyinin davam edib-etməyəcəyini göstərəcək. Məhz bundan sonra bu formatın gələcək fəaliyyəti barədə dəqiq bir tarix müəyyənləşəcək”.

Qeyd edək ki, vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılır.

Tərəflər arasında sonuncu görüş cari ilin aprelində Qəbələdə keçirilib.