BAKI, 13 may. TELEQRAF

"Bəzi sosial media hesablarında yayılan və ictimai rəyi manipulyasiya etməyə yönəlmiş, “Türkiyənin Somalidə daxili siyasi proseslərə müdaxilə etməsi, hərbi qüvvələrindən Somali müxalifətinə təzyiq göstərməsi və müəyyən siyasi aktoru dəstəkləmək məqsədilə istifadə etməsi” barədə iddialar heç bir şəkildə həqiqətə uyğun deyil".

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) "X" platformasında məlumat yayıb.

"Türkiyə Respublikası Somalinin təhlükəsizliyinin, sabitliyinin və dövlət institutlarının potensialının gücləndirilməsi məqsədilə Somali Federal Hökuməti ilə uzun illərdir legitim və beynəlxalq hüquqa uyğun əməkdaşlıq həyata keçirir.

Somalidəki türk hərbi mövcudluğu və təlim fəaliyyətləri Somali Milli Ordusunun yenidən qurulması, təhlükəsizlik qurumlarının modernləşdirilməsi və terrorla mübarizə imkanlarının artırılması məqsədlərinə yönəlib.

Türk hərbi qüvvələrinin Somalidəki seçki prosesləri və daxili siyasi dinamiklərlə heç bir əlaqəsi yoxdur. Türkiyə Somalinin demokratik proseslərinin sülh şəraitində irəliləməsini dəstəkləyir, Somali xalqının iradəsinə və ölkənin suverenliyinə tam hörmət göstərir.

Türkiyə ilə dost və qardaş Somali xalqı arasındakı köklü münasibətlərə zərər vurmağı hədəfləyən bu cür qara təbliğat fəaliyyətlərinə və dezinformasiya xarakterli paylaşımlara etibar edilməməsi xüsusilə xahiş olunur", - deyə məlumatda qeyd edilib.