BAKI, 6 may. TELEQRAF

Düşənbə şəhərində keçiriləcək IV Yüksək Səviyyəli Beynəlxalq Konfransda 2 500-dən çox iştirakçının bir araya gələcəyi gözlənilir.

Teleqraf xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri İlxom Abduraxmon 25-28 may tarixlərində Düşənbədə keçiriləcək "Dayanıqlı inkişaf üçün su" Beynəlxalq Onillik Fəaliyyətə (2018–2028) dair 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransa hazırlığa həsr olunmuş brifinqdə bildirib.

Səfirin sözlərinə görə, tədbirə hazırlıq prosesi çərçivəsində artıq 400-dən çox ünvana rəsmi dəvətlər göndərilib:

"Hazırda 46 dövlətin, həmçinin 39 beynəlxalq təşkilatın və maliyyə institutunun nümayəndələrinin iştirakı artıq təsdiqlənib. İştirakçılar arasında baş nazirlər, vitse-prezidentlər, BMT Baş katibinin müavinləri, nazirlər və səfirlər kimi yüksək səviyyəli şəxslər yer alır. Bu, tədbirə olan yüksək beynəlxalq marağın göstəricisidir".

Diplomat qeyd edib ki, konfransa hazırlıq üçün Tacikistanda Baş nazirin rəhbərliyi ilə Milli Təşkilat Komitəsi və Beynəlxalq Məşvərət Komitəsi yaradılıb.

İ.Abduraxmon bildirib ki, proqrama plenar iclaslar, forumlar və beynəlxalq sərgi ilə yanaşı, qlobal su gündəliyini əhatə edən 6 əsas tematik sessiya daxildir:

"Düşənbədə 2023-cü il BMT-nin Su Konfransı ilə 2026-cı il Qlobal Konfransı arasında varisliyin təmin olunmasına, eləcə də qəbul edilmiş öhdəliklərin konkret nəticələrə çevrilməsinə xüsusi diqqət yetiriləcək. Həmçinin 2030-cu ildən sonrakı dövr üçün su ehtiyatlarının rolu ilə bağlı müzakirələrə başlanılması planlaşdırılır".

O vurğulayıb ki, tədbirin yekununda üç mühüm sənədin - Yekun Bəyannamə, Həmsədrlərin xülasəsi və "Düşənbə Su Prosesinin BMT-nin 2026-cı il Su Konfransına töhfəsi" adlı sənədlərin qəbul ediləcəyi gözlənilir.