​Dünya düzəninin sürətlə dəyişdiyi, regionumuzda yeni reallıqların formalaşdığı bir dövrdə Prezident İlham Əliyevin Antalyaya səfəri və 5-ci Antalya Diplomatiya Forumunda iştirakı ölkəmizin artan gücünün və qlobal proseslərdəki çəkisinin nümayişidir.

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

​O qeyd edib ki, Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı yaxın, səmimi və qardaşlıq münasibətləri digər ölkələr üçün nümunə kimi qəbul olunur:
“Azərbaycan və Türkiyənin birliyi bütövlükdə Avrasiya məkanında ədalətli sülhün qarantıdır. Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə ucalan münasibətlərimiz Antalya kimi mühüm bir platformada dünya liderlərinin gözü önündə ifadə olunur.

​Antalya Diplomatiya Forumu artıq dünyanın ən nüfuzlu müzakirə platformalarından birinə çevrilib. Dövlət rəhbərimizin bu forumda iştirakı Azərbaycanın beynəlxalq arenada gündəliyi müəyyən edən dövlət olduğunu göstərir”.

Deputat bildirib ki, Forum çərçivəsində türk dövlətlərinin liderləri ilə görüşlər Türk Dövlətləri Təşkilatının gələcək inkişafı üçün mühüm zəmin yaradır:

“Dost ölkələrin rəsmiləri ilə aparılan müzakirələr Azərbaycanın xarici siyasətinin nə qədər çoxşaxəli və milli maraqlara söykəndiyini sübut edir. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasət Azərbaycanın suverenliyini daha da möhkəmləndirir. Biz artıq 30 illik işğala son qoymuş, ərazi bütövlüyünü bərpa etmiş qalib bir dövlət kimi masadayıq. Antalya Forumunda ucalan Azərbaycanın səsi ədalətin və haqqın səsidir.

Ölkəmizin başçısının bu səfəri ölkəmizin beynəlxalq nüfuzunun artırılması, Türk dünyasının birliyinin möhkəmləndirilməsi və regionda dayanıqlı sülhün təmin olunması istiqamətində atılmış növbəti möhtəşəm addımdır.

Azərbaycan-Türkiyə birliyi sarsılmazdır və bu birlik bizləri daha böyük zəfərlərə aparacaqdır”.