BAKI, 14 noyabr. TELEQRAF
"Avropa Siyasi Birliyinin Dublində keçirilən sammiti çərçivəsində Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalanmasını bir neçə aydır gözləyirdik. Bu, çox sevindirici bir haldır. Artıq Azərbaycan-Britaniya münasibətləri yeni mərhələyə qədəm qoyub".
Bu barədə Teleqraf-a Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.
Onun sözlərinə görə, ikinci Qarabağ müharibəsindən sonra əlaqələrdə çox müsbət dinamika hiss olunur:
"Bakıda keçirilən COP29 iqlim konfransında Böyük Britaniya o dövrdəki Baş naziri Kir Starmerin Bakıya gəlməsi, yeni müzakirə və dialoqun başlaması bu sənədin imzalanmasına gətirib çıxardı. Təbii ki, iki ölkə münasibətlərində ənənəvi sahələr var: energetika, sərmayələr, biznes əlaqələri, təhsil. Eyni zamanda sevindirici hal odur ki, yeni sahələr də mövcuddur. Azərbaycan-Britaniya münasibətlərində xüsusilə Qarabağ müharibəsi bitəndən sonra yeni sahələr, o cümlədən müdafiə sənayesi, müdafiə potensialı, kibertəhlükəsizliyə qarşı mübarizə, müxtəlif texnologiyaların transferi, süni intellektin tətbiqi, yaşıl energetika üçün imkan açılıb".
F.İsmayılzadə hesab edir ki, bu sahələrdə Azərbaycan və Britaniya hətta birgə istehsalata başlaya bilər: "Hesab edirəm ki, Britaniyanın Azərbaycanda sərmayələri, iş yerləri imkanları artacaq və eləcə də ikitərəfli ticarət əlaqələrində dinamika olacaq. Biz bu sənədə çox böyük ümidlə baxırıq və düşünürük ki, texnologiyaların sürətlə dəyişməsi, məhz Britaniya ekspertlərinin faydalı əməkdaşlığı nəticəsində biz Azərbaycanın qarşısında dayanan yeni çağırışlara daha hazırlıqlı olacağıq".