BAKI, 8 aprel. TELEQRAF

“Hazırda dünyada mürəkkəb proseslər baş verir. Yeni geostrateji şəraitdə milli dövlətlərin beynəlxalq münasibətlər sistemində yeri və rolu məhz həyata keçirilən xarici siyasət kursunun səmərəliliyindən asılıdır. Lakin bir sıra hallarda qlobal güclər öz maraqlarını təmin etmək üçün beynəlxalq hüquq normalarını görməzdən gəlir. Belə hallar isə dünyada yeni ziddiyyətlər və münaqişələr yaradır”.

Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, ABŞ və İsrailin İrana qarşı müharibəsi məhz beynəlxalq hüququn böhran səviyyədə olması ilə səciyyələnir:

"Yaxın Şərqdə genişlənən bu münaqişə təkcə region üçün deyil, bütün dünya üçün təhlükədir. Beynəlxalq ictimaiyyət hər ötən gün təhdidləri hiss edirdi. Ona görə də, tərəflər arasında atəşkəsin əldə edilməsi beynəlxalq ictimaiyyət tərəfindən alqışlanır. Bu müharibənin dayandırılması üçün indiyədək bir sıra ölkələr vasitəçilik edib. Mart ayının sonlarında Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri İslamabadda ABŞ ilə İran arasındakı münaqişənin həlli yollarını müzakirə etmişdilər. Daha sonra Çin və Pakistan Yaxın Şərq regionunda, o cümlədən Fars körfəzində sülh və sabitliyin bərpasına yönəlmiş 5 bəndlik birgə təşəbbüs təqdim ediblər. Bu ölkələr bütün zərərçəkmiş ərazilərə humanitar yardımın çatdırılmasının təmin edilməsi zərurətini vurğulayaraq, hərbi əməliyyatların dərhal dayandırılmasına və münaqişənin gələcək eskalasiyasının qarşısının alınmasına çağırıblar. Həmçinin Çin və Pakistan sülh danışıqlarının tezliklə başlanmasına tərəfdar qismində çıxış edərək, İran da daxil olmaqla, region dövlətlərinin suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə riayət olunmasının vacibliyini qeyd ediblər. Dialoq və diplomatiyanın münaqişələrin həllinin yeganə səmərəli yolu olduğu vurğulanıb. Tərəflər dinc sakinlərə və mühüm infrastruktura, o cümlədən enerji və nüvə obyektlərinə hücumları dayandırmağa, eləcə də beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməyə çağırıblar".

Millət vəkilinin sözlərinə görə, prosesdə Azərbaycana dost və qardaş olan Pakistanın fəallığı xüsusilə təqdirəlayiqdir:

"Nəzərə alaq ki, atəşkəs razılaşması məhz Pakistanın Baş naziri Şahbaz Şərifin təklifi əsasında baş tutub. Razılaşdırılan atəşkəs Hörmüz boğazını tam, dərhal və təhlükəsiz şəkildə açacağını ehtiva edir. Verilən məlumatlara görə, ABŞ da İranın irəli sürdüyü 10 bəndlik şərti qəbul edib. Bütün mübahisələrin həlli ilə bağlı yekun razılaşma üçün İran və ABŞ nümayəndələri aprelin 10-da İslamabadda bir araya gələcək. Bütün bunlar dost və qardaş Pakistanın regionda sabitliyə böyük töhfə verməsinin göstəricisidir.
Samir Vəliyev qeyd edib ki, beynəlxalq ictimaiyyət atəşkəs razılaşmasını alqışlayır. O cümlədən Azərbaycan da atəşkəsi dəstəkləyir. Rəsmi Bakı tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırıb. Azərbaycan hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırdır. Nəzərə alaq ki, Azərbaycanın xarici siyasəti beynəlxalq hüquq prinsiplərinə əsaslanan, mehriban qonşuluq, qarşılıqlı hörmət və humanizm prinsiplərinə söykənən uğurlu bir xəttdir. Regionda sabitliyin təmin olunması, münaqişələrin dinc yolla həlli və humanitar siyasəti bu kursun əsasını təşkil edir. Ölkəmiz qonşu dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan əlaqələrin qurulmasına böyük önəm verir".

“Azərbaycan bölgədə müharibənin olmamasının tərəfdarıdır. İran Azərbaycanın yaxın qonşusudur, bu ölkədə milyonlarla azərbaycanlı yaşayır. Bütövlükdə isə, dövlətimizin xarici siyasəti milli maraqlarımıza əsaslanmaqla yanaşı, dünyada, o cümlədən regionumuzda sülhün və təhlükəsizliyin təmin olunmasını təşviq edir”, - deyə deputat vurğulayıb.