BAKI, 8 sentyabr. TELEQRAF
Azərbaycanda fermerlərin necə işlədiyini, onların çətinliklərini və ətraf mühitə qulluq etmək səylərini daha düzgün qiymətləndirmək üçün yeni fermadaxili dayanıqlılıq sistemi hazırlanır.
Teleqraf xəbər verir ki, bu barədə FAO-nun Azərbaycan nümayəndəliyinin əməkdaşı Aynur Səidyusif Bakıda keçirilən Dördüncü İqlim Həftəsində bildirib.
Onun sözlərinə görə, indiyə qədər kənd təsərrüfatında yalnız məhsulun miqdarına və əldə olunan gəlirə baxılırdı:
“Lakin iqlim dəyişikliyi, su ehtiyatlarının azalması və torpağın zəifləməsi kimi problemlər səbəbindən köhnə qaydalar artıq reallığı əks etdirmir. Çünki bir çox fermerlər torpağın sağlamlığına və suvarma sistemlərinin yaxşılaşdırılmasına sərmayə qoysalar da, bu səylər qısamüddətli dövrdə dərhal gəlir gətirmir və ənənəvi qiymət sistemi tərəfindən görünməz qalır. Yeni sistem isə təkcə gəliri deyil, həm də suyun necə idarə olunduğunu, təbiətin qorunduğunu və fermerlərin birliklərdə necə fəal iştirak etdiyini ölçəcək”.
O vurğulayıb ki, məqsəd təsərrüfatların nə qədər iqlimə dözümlü və ekoloji cəhətdən dayanıqlı olduğunu müəyyən etməkdir:
“Toplanacaq bu məlumatlar gələcəkdə dövlətə dəstək proqramlarını düzgün ünvanlamağa, banklara daha inamlı kredit qərarları verməyə, beynəlxalq təşkilatlara və iş adamlarına isə tələblərə cavab verən yerli fermerləri tapmağa kömək edəcək. Beynəlxalq təcrübəni ölkəmizə birə-bir tətbiq etmək əvəzinə, Azərbaycandakı mövcud məlumatlar əsasında hər kəs üçün başa düşülən yeni məlumat bazası qurulur”.