BAKI, 8 sentyabr. TELEQRAF

“Avropalı rəsmilər Ermənistan Baş naziri Nikol Paşinyanın İrəvanın Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmasının tezliklə baş verəcəyi barədə yalanını özləri ifşa edirlər. Yaxın 10-20 il ərzində ölkənin Aİ-yə üzvlüyü ilə bağlı belə perspektiv yoxdur”.

Teleqraf xəbər verir ki, bunu parlamentdəki müxalif “Ermənistan” fraksiyasının deputatı Aqnessa Xamoyan Avropa Komissiyasının sözçüsü Paula Pinyonun Ermənistanın 2029-cu ilədək vizasız rejim əldə etməsi barədə danışmağın hələ tez olduğu barədə açıqlamasını şərh edərkən deyib.

“Avropalı rəsmilərin Nikol Paşinyanın yalanını özləri ifşa etməsindən məmnunam. Ermənistan yaxın 10-20 il ərzində Aİ-nin üzvü olmayacaq. 2029-cu ildə viza rejiminin liberallaşdırılması prosesinin tam şəkildə qüvvəyə minəcəyi və Ermənistan vətəndaşlarının vizasız Avropaya gedəcəyi barədə deyilənlər də yalandır”, - o, İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.