BAKI, 8 sentyabr. TELEQRAF

BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi haqqında hesabatına əsasən, Azərbaycan elektron hökumətin inkişafı üzrə qabaqcıl ölkələrdən biridir.

Teleqraf xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Şahin Əliyev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın ikinci günündə panel sessiyada çıxışında deyib.

O bildirib ki, qarşıdakı illərdə Azərbaycanın ilk 30 ölkə sırasına daxil olmağı hədəflənir.

"Bu səbəbdən, rəqəmsal transformasiya üçün hərtərəfli çərçivəmiz mövcuddur. Bunlardan biri ölkədə rəqəmsal transformasiyanın bütün aspektlərini əhatə edən rəqəmsal inkişaf konsepsiyasıdır", - Ş. Əliyev vurğulayıb.

O deyib ki, infrastruktur olmadan ekosistemi əlaqələndirə bilmərik: "Buna görə də təməl təbəqə şəbəkə və infrastrukturdur. İnsan kapitalı da vacibdir. İT mütəxəssislərinin sayının artırılması, həmçinin vətəndaşların rəqəmsal savadlılığının yüksəldilməsinə yönəlmiş geniş layihələrimiz var. Bundan əlavə, rəqəmsal mühitə hazır qanunvericilik bu transformasiyanın vacib tərkib hissəsidir. Süni intellekt, kibertəhlükəsizlik və məlumatlar (data) da digər vacib dəstəkləyici amillərdir".

Ş. Əliyev növbəti 3 il ərzində Azərbaycanda elektron hökumət sisteminin yeni mərhələsi olan daha təkmil "agent hökumət" modelinin qurulacağına inandığını vurğulayıb:

"Sistemləri yalnız ölkə daxilində inteqrasiya etməklə kifayətlənmirik. Daha dürüst məlumatlar və daha doğru qərarlar əldə etmək üçün qonşu ölkələrlə də işləyir, bütün ekosistemi inteqrasiya etməyi planlaşdırırıq".