"Bu gün Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycana qarşı yönəlmiş təhdid və təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün, konstitusiya quruluşunun möhkəmləndirilməsi, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq əməllərinin qarşısının alınması, terrorçuluğa qarşı mübarizə və dövlət sirrinin mühafizəsi istiqamətində səmərəli fəaliyyət göstərir".

Teleqraf xəbər verir ki, bu sözləri DTX rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbirdə çıxışı zamanı deyib.

"Biz Vətən sevgisini, dövlətçilik prinsiplərini Ulu Öndərin əbədiyaşar irsindən öyrənirik. Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Heydər Əliyev kimi dahi şəxsiyyətin yaratdığı və milli ənənələrə söykənən möhtəşəm peşəkarlıq məktəbinin yetirməsi olmaqdan qürur duyur” - deyə o, əlavə edib.