Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Azərbaycanın Estoniyadakı Səfirliyi tərəfindən Tallin şəhərində anım tədbiri keçirilib.

Səfirlikdən Teleqraf-a bildirilib ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən səfir Anar Məhərrəmov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalıda dinc azərbaycanlılara qarşı amansızlıqla etnik təmizləmə həyata keçirdiyini xatırladıb, törədilmiş amansız qətliam barədə məlumat verib. Bildirib ki, Azərbaycan dövləti, xaricdə yaşayan azərbaycanlılar və ictimai təşkilatlar Xocalı soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün səylər göstərirlər.

Estoniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Mariya Yufereva-Skuratovski Xocalı faciəsinin 34-cü ildönümündə rəhbərlik etdiyi Qrupun adından Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək, onların kədərini bölüşdüklərini və həyatını itirmiş şəxslərin xatirəsini ehtiramla yad etdiklərini bildirib.

Sonda Heydər Əliyev Fondu tərəfindən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırlanmış sənədli film və fotosərgi nümayiş olunub.