BAKI, 21 iyun. TELEQRAF

SOCAR-ın Dübəndi çimərliyi ərazisində baş vermiş neft sızması ilə bağlı operativ açıqlama verməsi və vəziyyətə dərhal reaksiya göstərməsi məsuliyyətli yanaşmanın göstəricisi kimi qiymətləndirilə bilər.

Bunu Milli Məclisin deputatı Vasif Qafarov Teleqraf-a açıqlmasında bildirib.

Deputat qeyd edib ki, dünyanın müxtəlif ölkələrində neft hasilatı və daşınması ilə bağlı fəaliyyət zamanı oxşar hadisələr zaman-zaman baş verir:

"Əsas məsələ belə halların vaxtında aşkarlanması, ictimaiyyətin məlumatlandırılması və ətraf mühitə təsirlərin minimuma endirilməsi üçün çevik tədbirlərin görülməsidir. SOCAR-ın açıqlamasında qeyd olunduğu kimi, vəziyyətin qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi müsbət haldır. Bu, həm ekoloji təhlükəsizliyə, həm də yaranmış vəziyyətin nəzarət altında saxlanılmasına verilən önəmi göstərir".

V.Qafarov aidiyyəti dövlət qurumlarının birgə addımlarını xüsusi vurğulayıb:

"Aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti və görülən işlər barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması şəffaflığın təmin olunmasına xidmət edir. Ümumilikdə, baş vermiş hadisəyə çevik reaksiya verilməsi, təmizləmə və bərpa işlərinin dərhal başlanması, eləcə də vəziyyətin nəzarətdə saxlanılması istiqamətində atılan addımlar müsbət qiymətləndirilə bilər".