BAKI, 26 fevral. TELEQRAF
"Dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağı azad edərək özü təmin etsin və müharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin. Bunu biz etdik – Azərbaycan dövləti. Bizim iradəmiz, deyə bilərəm ki, əyilməz iradəmiz bunu təmin etdi. İşğal dövründə bizə nə qədər təzyiqlər olub, təhdidlər olub, bunu Azərbaycan ictimaiyyəti yaxşı bilir".
Teleqraf xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışı zamanı çıxışında deyib.
Dövlət başçısı qeyd edib: "İşğal dövründə bizə tez-tez belə siqnallar ünvanlanırdı ki, reallıqla barışmaq lazımdır, Azərbaycan öz torpaqlarını azad edə bilməyəcək, böyük dövlətlər, Ermənistanın havadarları buna imkan verməyəcək, Azərbaycan Ordusu döyüş meydanında qələbə qazana bilməyəcək. Bu kimi uydurulmuş şayiələr həm geniş informasiya məkanında yayılır, həm də müxtəlif kanallar vasitəsilə Azərbaycan rəhbərliyinə çatdırılırdı. Amma bizim iradəmizə təsir edə biləcək heç bir qüvvə yox idi və bunu biz dəfələrlə bəyan etmişdik. İşğal dövründə həm mötəbər beynəlxalq kürsülərdən, eyni zamanda, ovaxtkı köçkünlərlə keçirdiyim çoxsaylı görüşlər əsnasında bildirirdim ki, biz işğalla barışmayacağıq və məsələ danışıqlar yolu ilə həll olunmazsa, ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik və belə də oldu.
Birinci dəfə Prezident vəzifəsinə seçiləndən sonra andiçmə mərasimindəki çıxışımda da bildirmişdim ki, bu, bizim üçün əsas məsələdir və ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Hazırlıq dövrü çox çəkdi, bu da təbiidir. Çünki güc yığmalı idik, güc toplamalı idik. Öz haqq işimizi beynəlxalq müstəvidə təsdiqləməli idik, o cümlədən Ermənistan dövlətinin hərbi cinayətləri haqqında məlumatı çatdırmalı idik. Xocalı soyqırımı ilə bağlı həqiqətləri çatdırmalı idik və çatdırmışıq. Son illər ərzində bir çox beynəlxalq təşkilatlar məcburiyyət qarşısında bizim mövqeyimizi, ədalətli mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişdir. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi əsasını təşkil etmişdir. Biz bir çox ölkələrlə sıx ikitərəfli münasibətlər, bir çox ölkələrlə strateji tərəfdaşlıq münasibətləri qurduq. Bu da beynəlxalq müstəvidə Azərbaycan həqiqətlərini, Qarabağ münaqişəsi həqiqətlərini çatdırmaq üçün imkan yaratmışdır. Heç kimdən asılı olmayan güclü iqtisadiyyat qurduq. Güclü ordu qurduq - həm Ordumuzun peşəkarlığını artırdıq, eyni zamanda, əldə edilən gəlirlər hesabına silah-sursat, texnika aldıq. Yəni hər gün, hər ay biz Qələbəyə doğru addımlayırdıq və mən bunu işğal dövründə dəfələrlə demişdim ki, hər gün biz Qələbəni yaxınlaşdırmalı idik və yaxınlaşdırdıq. Cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq, düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı və biz müharibəni dayandırdıq. Bu gün son iki il yarımlıq tarix göstərir ki, bu, nə qədər düzgün və düşünülmüş addım idi. Düzdür, o vaxt Xocalı, Xankəndi və bəzi digər yaşayış məntəqələri işğaldan azad edilməmişdi, ancaq mən bilirdim və əminəm, Azərbaycan xalqı bilirdi ki, o gün uzaqda deyil. 2023-cü ildə cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində qanunsuz xunta rejimi məhv edildi, işğalçılar torpaqlarımızdan qovuldu, torpaqlarımızda qanunsuz məskunlaşmış 15 minlik erməni ordusu tərk-silah edildi və təslim oldu. Bu da erməni separatçılığına, onların tabutuna vurulmuş son mismar idi. Xocalıya ədalət məhz o vaxt təmin edildi.