BAKI, 18 fevral. TELEQRAF
"Prezident İlham Əliyevin Belqrada budəfəki səfəri Avropanın enerji və təhlükəsizlik xəritəsində Bakı ilə Belqradın birgə cızdığı yeni və qətiyyətli xəttin təzahürüdür. Dövlət başçısının Serbiya xalqının suverenlik uğrunda verdiyi qurbanları və göstərdiyi səyləri xüsusi vurğulaması iki dövlətin milli ləyaqət və müstəqil siyasət müstəvisində bir-birinə verdiyi yüksək qiymətin ifadəsidir".
Bu sözləri Teleqraf-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı deyib.
O qeyd edib ki, bu gün Serbiya öz inkişafını əsasən daxili islahatlara və xalqının iradəsinə söykənərək təmin edir: "Prezident İlham Əliyev bu faktoru Avropa məkanı üçün xüsusi əhəmiyyət kəsb edən amil kimi dəyərləndirir. Dövlətimizin başçısı İlham Əliyev və Serbiya Prezidenti Aleksandr Vuçiç dövlət maraqlarını hər şeydən üstün tutan, xalqı ilə sıx bağlı liderlərdir. Onların illərə söykənən səmimi münasibətləri və qarşılıqlı etimadı bu gün strateji tərəfdaşlığın möhkəm təməlini formalaşdırır.
Serbiya-Azərbaycan Strateji Şurasının ilk iclasında qəbul olunan qərarlar gələcəyə yönəlik aydın baxışı ortaya qoyur. Azərbaycan yalnız qaz ixrac edən ölkə kimi çıxış etmir. Azərbaycan qazının Serbiyada elektrik enerjisinə çevrilməsi həm daxili tələbatın ödənilməsi, həm də gələcək ixrac üçün mühüm və təmiz enerji mənbəyi deməkdir. Azərbaycan tərəfinin Serbiyaya sərmayə yatırmaq, elektrik stansiyalarının inşası və reabilitasiyasında iştirak etmək niyyəti əməkdaşlığın miqyasını daha da genişləndirir. 2032-ci ilə qədər nəzərdə tutulan əlavə 8 giqavat enerji gücü Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu bir daha təsdiqləyir".

Günay Ağamalı vurğulayıb ki, ölkə başçısının Serbiyada özünü doğma mühitdə hiss etməsi və nümayəndə heyətləri arasında formalaşan yüksək sinergiya geniş məna daşıyır:
"Bu, iki dövlətin siyasi və iqtisadi platformada birgə hərəkət etmək əzmini nümayiş etdirir. Səfərin sonunda səslənən “Yaşasın Serbiya! Yaşasın Azərbaycan!” ifadəsi bu dostluğun və strateji tərəfdaşlığın rəmzi kimi yadda qalır".