BAKI, 22 oktyabr. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı iki ölkə arasındakı qardaşlıq münasibətlərinin möhkəmliyini bir daha nümayiş etdirdi. Bu münasibətlərin əsas təminatçısı məhz hər iki liderin siyasi iradəsi və strateji müttəfiqliyə sadiqliyidir.
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
Deputat onu da qeyd edib ki, Türkiyədə sentyabrın sonlarından etibarən Azərbaycana qarşı aparılan kampaniyanın vaxtında dayandırılmaması təəssüf doğurur. Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin hədəfə alınması, Ankara və İstanbulda səfirlik və konsulluq qarşısında aksiyaların keçirilməsi adi siyasi tənqid çərçivəsini aşaraq iki qardaş ölkənin münasibətlərinə zərbə vurmağa yönəlmiş addımlar kimi qiymətləndirilməlidir.
Bu prosesdə ayrı-ayrı siyasi dairələrin və onların ətrafında fəaliyyət göstərən qrupların məsuliyyəti ciddi araşdırılmalıdır. Türkiyədəki daxili siyasi mübarizənin Azərbaycan əleyhinə kampaniyaya çevrilməsi nə dostluq münasibətlərinə, nə də strateji müttəfiqliyin ruhuna uyğundur.
Xüsusilə Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saralın açıqlamaları və AKP-nin bəzi deputatlarının mövqeyi ciddi suallar doğurur. Saralın vəzifə statusundan istifadə edərək Azərbaycanın daxili siyasəti barədə ittihamlar səsləndirməsi siyasi məsuliyyət baxımından qəbuledilməzdir. Kampaniya ilə əlaqədar araşdırmalarda Rıdvan Kaya, Zekeriya Ceran, Fatih Tezcan, Ahmet Şanlı, Fahrettin Taşkaya Saral, Abdurrahman Tumer və Alparslan Tanrıkulunun da adları çəkilir".

Vasif Qafarov hesab edir ki, onların hər birinin məsuliyyəti hüquqi araşdırmanın nəticələrinə uyğun qiymətləndirilməlidir:
"Ümumilikdə qeyd edilməlidir ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasında mövcud etimad bu gərginliyin aradan qaldırılması üçün əsasdır. Ancaq liderlər arasındakı dostluq ayrı-ayrı siyasi şəxslərin məsuliyyətsiz davranışlarına bəraət qazandırmır. Türkiyənin hakim siyasi dairələri belə hallara vaxtında və prinsipial münasibət göstərməli, Azərbaycan–Türkiyə müttəfiqliyinin siyasi maraqlara qurban verilməsinə imkan verməməlidirlər".