BAKI, 22 oktyabr. TELEQRAF
"Azərbaycan və Türkiyə prezidentləri arasında baş tutan telefon danışığı ölkələrimiz arasındakı strateji münasibətlərin əhəmiyyətini və iki dövlətin siyasi dialoqa verdiyi önəmi bir daha nümayiş etdirdi. Cənab Prezident İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan dostluq və qarşılıqlı etimad Azərbaycan–Türkiyə münasibətlərinin xarakterini müəyyən edən başlıca amillərdəndir".
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, prezidentlər arasında təmasların müsbət məzmunu mühüm əhəmiyyət daşısa da, Türkiyədə son həftələr Azərbaycana qarşı aparılan kampaniya ilə bağlı yaranmış sualların cavablandırılması da vacibdir:
“Bildiyiniz kimi, sentyabrın sonlarından etibarən Türkiyədə Azərbaycana qarşı əsassız fikirlərin səsləndirilməsi, müxtəlif ittihamların irəli sürülməsi, Ankarada səfirliyimiz, İstanbulda isə baş konsulluğumuz qarşısında aksiyaların keçirilməsi cəmiyyətimizdə haqlı narazılıq doğurub. Təbii ki, müəyyən məsələlər ətrafında siyasi fikir ayrılıqları mümkündür və dövlətlər arasında müxtəlif məsələlərə fərqli yanaşmaların olması təbiidir. Lakin heç bir fikir ayrılığı Azərbaycanın dövlət suverenliyinə, milli ləyaqətinə və müstəqil siyasi iradəsinə hörmətsizliyə əsas verə bilməz. Bu baxımdan, yaranmış vəziyyət bir sıra mühüm suallar doğurur. Türkiyədə diplomatik nümayəndəliklərimiz qarşısında aksiyalar keçirilərkən və Azərbaycana qarşı təhqiramiz ifadələr səsləndirilərkən belə halların qarşısının alınması üçün hansı tədbirlər görülüb? Baş verənlərə vaxtında və təsirli reaksiya verilməsi istiqamətində hansı addımlar atılıb? Bu sualların cavablandırılması münasibətlərimizə kölgə salan halların mahiyyətinin aydınlaşdırılması baxımından əhəmiyyətlidir. Eyni zamanda, belə çirkin kampaniyanın təşkilində iştirak edən şəxslərin əlaqələri və mümkün sifarişçiləri ilə bağlı səsləndirilən iddialar müvafiq qaydada araşdırılmalı, iki dövlət arasındakı münasibətlərə zərər vuran hərəkətlərə hüquqi və siyasi qiymət verilməlidir”.

S.Salmanova bildirib ki, Türkiyə Azərbaycan üçün yalnız strateji tərəfdaş deyil, həm də tarixi, mənəvi və mədəni bağlarla birləşən qardaş dövlətdir:
“Azərbaycan xalqı Türkiyəyə hər zaman xüsusi münasibət bəsləyib. Ortaq tariximiz, dilimiz, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz və çətin sınaqlardan keçərək möhkəmlənən həmrəyliyimiz bu münasibətləri adi dövlətlərarası əlaqələrdən fərqləndirir. Məhz buna görə də Türkiyədə Azərbaycanın dövlət nüfuzunu hədəfə alan, ölkəmizə qarşı təhqiramiz münasibət sərgiləyən kampaniyanın aparılması cəmiyyətimizdə daha dərin inciklik yaradıb. İnsanlar belə halların qardaş bildiyimiz ölkədə baş verməsini haqlı olaraq narahatlıqla qarşılayıblar. Ona görə də baş verənlər yaddaşlarda qalacaq və bu hadisələrdən müvafiq nəticələr çıxarılması vacibdir”.
Deputat Türkiyədə Azərbaycanla münasibətlərin qorunmasının vacibliyini önə çəkən və ölkəmizin dövlət maraqlarına hörmətlə yanaşılmasını müdafiə edən şəxslərin mövqeyini yüksək qiymətləndirib:
“Binəli Yıldırım və Dövlət Baxçalının Azərbaycan–Türkiyə münasibətlərinə verdikləri dəyər, qardaşlığımızın qorunmasına yönələn mövqeləri xüsusi qeyd olunmalıdır. Eyni zamanda, Türkiyədə Azərbaycanın müstəqilliyinə və suverenliyinə hörmət edən, ölkəmizlə qardaşlıq əlaqələrinin qorunmasını vacib sayan çoxsaylı insanların mövqeyi də aydın şəkildə göründü. Bu, xalqlarımız arasında tarixi bağlılığın ayrı-ayrı siyasi proseslərdən daha dərin və davamlı olduğunu göstərən mühüm amildir. Azərbaycan–Türkiyə münasibətlərinin tarixi kökləri, xalqlarımızın ortaq dəyərləri və dövlət başçıları arasında mövcud olan qardaşlıq münasibətləri bu əlaqələrin möhkəm təməlini təşkil edir. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə ifadə olunan bu birlik bu gün də strateji tərəfdaşlığımızın mənəvi və siyasi əsaslarından biridir. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, hərbi və enerji sahələrində daha da inkişaf edərək regional təhlükəsizliyin və sabitliyin mühüm amilinə çevrilib. Bu baxımdan, ayrı-ayrı şəxslərin məsuliyyətsiz açıqlamaları və siyasi kampaniyalar Azərbaycan–Türkiyə münasibətlərinin ümumi mahiyyətini müəyyən etməməlidir. Prezidentlər arasında aparılan dialoq münasibətlərin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Lakin ictimaiyyəti narahat edən sualların cavablandırılması, yaranmış vəziyyətin səbəblərinin aydınlaşdırılması və belə halların təkrarlanmaması üçün müvafiq addımların atılması da vacibdir”.
Parlamentari hesab edir ki, Azərbaycan–Türkiyə münasibətlərinin strateji mahiyyətini və tarixi dəyərini qorumaq üçün məsuliyyətli mövqe nümayiş etdirilməli, qardaşlıq münasibətlərinə xələl gətirən hallara qarşı prinsipial yanaşma ortaya qoyulmalıdır:
“Əsl qardaşlıq yalnız xoş günlərdə bir-birinin yanında olmaq deyil, həm də çətin və həssas məqamlarda qarşılıqlı hörməti qorumaq, narahatlıqları açıq şəkildə müzakirə etmək və problemlərin həlli üçün iradə nümayiş etdirməkdir”.