İSRAİL, 20 oktyabr. TELEQRAF
Azərbaycan və Qazaxıstandan olan mütəxəssislərin daxil olduğu 18 nəfərlik birgə nümayəndə heyəti İsrailə səfər çərçivəsində “Jerusalem Venture Partners” (JVP) vençur kapitalı şirkətində və İsrail İnnovasiya Qurumunda (Israel Innovation Authority – IIA) olub.
Teleqraf-ın İsrailə ezam olunmuş əməkdaşı xəbər verir ki, JVP-nin baş tərəfdaşı Qadi Porat şirkətin tarixi, investisiya strategiyası və inkişaf mərhələləri barədə məlumat verib.
O bildirib ki, təxminən 30 il əvvəl yaradılan JVP İsrailin texnologiya ekosistemində ilkin mərhələdə olan startaplara və inkişaf mərhələsindəki bizneslərə investisiya yatırır. Şirkətin əsas fəaliyyət istiqamətlərinə kibertəhlükəsizlik, sığorta texnologiyaları (insurtech), maliyyə texnologiyaları (fintech) və korporativ proqram təminatı daxildir.
Q.Poratın sözlərinə görə, hazırda süni intellektin kibertəhlükəsizlik və sığorta texnologiyaları kimi ənənəvi sahələrlə inteqrasiyası şirkətin diqqət yetirdiyi və böyük inkişaf potensialı gördüyü istiqamətlərdəndir.
Daha sonra nümayəndə heyəti kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən “Vicarius”, “Akeyless” və “Source Defense” şirkətlərinin nümayəndələrinin təqdimatlarını dinləyib.
“Vicarius” şirkətinin müştəri uğuru üzrə nümayəndəsi Karel Serfati müxtəlif sənaye sahələrində fəaliyyət göstərən təşkilatlar üçün hazırlanan platforma barədə məlumat verib. O bildirib ki, platforma təşkilatlara mövcud kibertəhlükəsizlik vəziyyətini hərtərəfli qiymətləndirməyə, riskləri azaltmağa və aşkar edilmiş boşluqları aradan qaldırmağa imkan verir.
“Akeyless” şirkətinin həmtəsisçisi və prezidenti Şai On isə bulud texnologiyaları əsasında fəaliyyət göstərən platformanın maşın identikliyinin və süni intellekt agentlərinin giriş imkanlarının qorunmasına xidmət etdiyini bildirib. Onun sözlərinə görə, platforma hər ay 20 milyarddan çox əməliyyatı və maşınların giriş sorğularını emal edir.
Ş.On qeyd edib ki, müasir kibertəhlükəsizlik sahəsində əsas problemlərdən biri maşınlara məxsus rəqəmsal şəxsiyyətlərin sayının insanlara məxsus şəxsiyyətlərin sayını dəfələrlə üstələməsidir. Şirkətin həlləri bu sahədə təhlükəsizliyin təmin edilməsinə yönəlib.
“Source Defense” şirkətinin texniki direktoru Hadar Blutriç bildirib ki, şirkət maliyyə institutları, aviaşirkətlər, elektron ticarət brendləri və “Universal Music” kimi beynəlxalq şirkətlərə təhlükəsizlik həlləri təqdim edir. Şirkətin əsas fəaliyyət istiqamətlərindən biri veb-saytları üçüncü tərəflərin brauzerdə işləyən kodlarından qaynaqlanan təhlükələrdən, eləcə də süni intellekt vasitəsilə həyata keçirilən məlumat oğurluğu hücumlarından qorumaqdır.
Nümayəndə heyəti İsrail İnnovasiya Qurumunda da olub. Qurumun Beynəlxalq əlaqələr şöbəsinin direktoru Lior Yafe İsrailin yüksək texnologiyalar sektoru ilə hökumət arasında əlaqələndirici rol oynayan qurumun fəaliyyəti barədə məlumat verib.
Onun sözlərinə görə, IIA hər il təxminən 700 milyon ABŞ dolları həcmində vəsait ayırır. Bu vəsait ilkin mərhələdə olan startaplara birbaşa investisiyaların yatırılması, eləcə də elmi-tədqiqat və təcrübə-konstruktor laboratoriyaları, superkompüterlər kimi infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulur.
Qurum yüksək texnologiyalar sahəsində dövlət siyasətinin formalaşdırılması, vergi siyasətinin sektorun ehtiyaclarına uyğunlaşdırılması və insan kapitalının inkişafı istiqamətində fəaliyyət göstərir. Xüsusilə süni intellekt sahəsində mütəxəssislərin hazırlanmasına diqqət yetirilir.
L.Yafe əlavə edib ki, IIA beynəlxalq təşkilatlar və hökumətlərlə əməkdaşlıq vasitəsilə qlobal innovasiya ekosisteminin inkişafına da töhfə verir. Bu əməkdaşlıq Hindistan və Qazaxıstan kimi ölkələrlə birgə maliyyələşdirmə fondlarının yaradılmasını və birgə investisiya şuralarının fəaliyyətini əhatə edir.
Qeyd edək ki, nümayəndə heyətinə Azərbaycandan 7, Qazaxıstandan 10, Qırğızıstandan isə 1 nəfər olmaqla, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən ümumilikdə 18 mütəxəssis daxildir.