BAKI, 12 fevral. TELEQRAF
"ABŞ-nin vitse-prezidenti Cey.Di Vensin Azərbaycana rəsmi səfəri və bu çərçivədə keçirilmiş yüksək səviyyəli görüşlər iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. Prezident İlham Əliyevin mətbuata bəyanatı isə Azərbaycan-ABŞ əməkdaşlığının hazırkı vəziyyətini, strateji mahiyyətini və gələcək perspektivlərini kompleks şəkildə ortaya qoyması baxımından xüsusi əhəmiyyət kəsb edir".
Bu sözləri Teleqraf-a Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O qeyd edib ki, müasir beynəlxalq münasibətlər sistemində geosiyasi dinamikanın sürətlə dəyişdiyi, təhlükəsizlik risklərinin artdığı, yeni iqtisadi və siyasi reallıqların meydana çıxdığı bir şəraitdə Azərbaycan ilə ABŞ arasında tərəfdaşlığın dərinləşdirilməsi regional və qlobal sabitlik üçün strateji əhəmiyyət daşıyır:
“Bu əməkdaşlıq qarşılıqlı hörmətə, beynəlxalq hüququn norma və prinsiplərinə və bərabərhüquqlu tərəfdaşlıq yanaşmasına əsaslanır ki, bu da həm iki ölkənin maraqlarına, həm də regionda dayanıqlı inkişafın təmin edilməsinə xidmət edir.
Prezident İlham Əliyevin çıxışında ABŞ ilə münasibətlərə verilən önəm xüsusi vurğulandı, Tramp-Vens administrasiyasının Azərbaycana göstərdiyi müsbət münasibətə görə minnətdarlıq ifadə edildi. Dövlət başçısının “dünyanın ən güclü dövləti ilə strateji tərəfdaş olmaq bizim üçün böyük şərəfdir” fikri münasibətlərin uzunmüddətli və dayanıqlı xarakterini aydın şəkildə əks etdirir”.

Komitə sədri bildirib ki, bəyanatın diqqət çəkən istiqamətlərindən biri də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” - TRIPP layihəsi ilə bağlıdır:
“Prezident İlham Əliyev bu təşəbbüsü regional əməkdaşlığın genişlənməsinə, iqtisadi inteqrasiyanın dərinləşməsinə və dayanıqlı sülhün möhkəmlənməsinə xidmət edən mühüm platforma kimi qiymətləndirib. Layihənin nəqliyyat-logistika əlaqələrinin inkişafına, yeni iqtisadi marşrutların formalaşmasına və qarşılıqlı faydalı tərəfdaşlıq modelinin təşviqinə töhfə verdiyi qeyd olunub.
Vitse-prezident Cey.Di.Vensin Azərbaycana səfəri, xüsusilə də Strateji Xartiyanın imzalanması kontekstində, ikitərəfli münasibətlərdə tarixi hadisə hesab edilir. Strateji Xartiya əməkdaşlığın hüquqi-institusional bazasını gücləndirir, prioritet istiqamətləri müəyyənləşdirir və uzunmüddətli tərəfdaşlıq üçün etibarlı çərçivə formalaşdırır. Səfər çərçivəsində aparılan müzakirələr siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əlaqələri yeni mərhələyə yüksəldərək, Azərbaycan-ABŞ münasibətlərinin dərin strateji məzmununu daha da gücləndirib.
Nəticə etibarilə, Prezident İlham Əliyevin bəyanatı və ABŞ vitse-prezidentinin səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndiyini, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın güclü siyasi iradə ilə dəstəkləndiyini və regionda sülh, sabitlik və rifah naminə birgə fəaliyyətin davam etdiriləcəyini təsdiq edir”.