BAKI, 12 fevral. TELEQRAF
"Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-nin vitse-prezidenti Cey.Di.Vensin ölkəmizə rəsmi səfəri zamanı səsləndirdiyi fikirlər və imzalanan Strateji Tərəfdaşlıq haqqında Xartiya Azərbaycan–ABŞ münasibətlərində yeni tarixi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir".
Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Vasif Qafarov deyib.
Onun sözlərinə görə, dövlət başçısının bəyanatında əksini tapan məqamlar göstərir ki, bu sənəd sadəcə diplomatik protokol aktı deyil, hər iki ölkə arasında gələcək inkişaf strategiyasını müəyyən edən fundamental yol xəritəsidir:
“Xüsusilə altı ay ərzində aparılan intensiv danışıqların nəticəsi olaraq Strateji Xartiyanın imzalanması tərəflər arasında qarşılıqlı etimadın və siyasi iradənin yüksək səviyyədə olduğunu təsdiqləyir.
Azərbaycan üçün dünyanın ən qüdrətli dövləti olan ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulması böyük nailiyyətdir. Bu, ölkəmizin beynəlxalq arenada artan nüfuzunun, etibarlı tərəfdaş imicinin və balanslaşdırılmış xarici siyasət kursunun bariz göstəricisidir.
Xüsusi vurğulanmalıdır ki, Tramp–Vens administrasiyasının Cənubi Qafqazda sülh prosesinə verdiyi töhfə regionda sabitliyin möhkəmlənməsinə real zəmin yaradıb. Ermənistan və Azərbaycan arasında sülh sənədinin paraflanması və sonrakı mərhələdə imzalanan sənədlər regionda yeni əməkdaşlıq mühitinin formalaşmasına gətirib çıxarıb. Artıq altı aydır davam edən sülh şəraiti Cənubi Qafqazın gələcək inkişafı üçün mühüm perspektivlər açıb”.

Deputat vurğulayıb ki, strateji tərəfdaşlığın mühüm istiqamətlərindən biri olan TRIPP layihəsi isə regionun geoiqtisadi xəritəsini dəyişdirə biləcək təşəbbüs kimi dəyərləndirilməlidir:
“Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsi, eyni zamanda Asiya ilə Avropanı birləşdirən təhlükəsiz və etibarlı nəqliyyat dəhlizinin yaradılması ölkəmizin tranzit və logistika mərkəzi kimi rolunu daha da gücləndirəcək. Bu təşəbbüs həm regional sülhü möhkəmləndirəcək, həm də iqtisadi inteqrasiyanı sürətləndirəcək.
Enerji sahəsində Azərbaycan artıq etibarlı tərəfdaş kimi öz mövqeyini sübut edib. Ölkəmizin 16 dövlətin enerji təhlükəsizliyinə töhfə verməsi, o cümlədən NATO üzvü olan ölkələrin qaz təchizatında mühüm rol oynaması Azərbaycanın etibarlı tərəfdaş kimi strateji əhəmiyyətini bir daha təsdiqləyir. Yeni Xartiya enerji əməkdaşlığının daha da genişlənməsini, interkonnektor layihələrinin və təchizat marşrutlarının şaxələndirilməsini nəzərdə tutur.
Eyni zamanda, sənəddə süni intellekt, rəqəmsal infrastruktur, kibertəhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsi xüsusi önəm daşıyır. Bu istiqamətlər Azərbaycanın yüksək texnologiyalar və innovasiyalar sahəsində regional liderliyini möhkəmləndirəcək, ölkənin iqtisadi modelinin daha da şaxələndirilməsinə xidmət edəcək”.
Vasif Qafarov hesab edir ki, Strateji Tərəfdaşlıq haqqında Xartiyanın dövlət və özəl sektor əməkdaşlığını da əhatə etməsi, R&D təşəbbüsləri və texnologiya transferi imkanlarının nəzərdə tutulması isə uzunmüddətli, davamlı inkişaf perspektivlərinin əsasını qoyur:
“Vitse-prezident Vensin səfəri və imzalanan sənəd göstərir ki, Azərbaycan–ABŞ münasibətləri artıq keyfiyyətcə yeni mərhələyə daxil olub. Bu tərəfdaşlıq yalnız iki ölkə üçün deyil, bütövlükdə region üçün sabitlik, rifah və təhlükəsizlik vəd edir. Bu mühüm hadisə Azərbaycanın müstəqil siyasətinin, güclü liderliyinin və beynəlxalq etimadının növbəti uğurlu təzahürü kimi tarixə düşür”.