BAKI, 9 fevral. TELEQRAF

Prezident İlham Əliyevə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması mühüm tarixi hadisə kimi qiymətləndirilir. Bu ali mükafatın Azərbaycan dövlətinin başçısına təqdim edilməsi ölkəmizə və onun rəhbərinə göstərilən yüksək hörmətin, etimadın və beynəlxalq səviyyədə verilən dəyərin bariz nümunəsidir.

Bu sözləri Teleqraf-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

O qeyd edib ki, təqdimetmə mərasimində çıxış edən Prezident İlham Əliyev bu nüfuzlu mükafata layiq görülməsini böyük şərəf kimi dəyərləndirərək minnətdarlığını bildirib:

“Zayed İnsan Qardaşlığı Mükafatı” öz adını Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, humanizm və müdrik dövlətçilik ənənələrinin banisi Şeyx Zayed bin Sultan Al Nəhyanın zəngin irsindən götürür. Bu mükafat dünyada sülhün, dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın, humanist dəyərlərin və qlobal həmrəyliyin təşviqinə mühüm töhfələr verən dövlət xadimlərinə, ictimai liderlərə və təşkilatlara təqdim olunur. Belə bir nüfuzlu beynəlxalq mükafatın Prezident İlham Əliyevə verilməsi Azərbaycanın həyata keçirdiyi prinsipial və məqsədyönlü siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisidir.

Bu gün Birləşmiş Ərəb Əmirlikləri tarixi köklərinə sadiq qalmaqla yanaşı, gələcəyə inamla baxan, sülh və ahəngdar birgəyaşayış modelini uğurla tətbiq edən ölkə kimi dünya miqyasında nümunə göstərilir. Dinlərarası dialoqun inkişafı, sivilizasiyalararası əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl təşəbbüslər bu ölkənin qlobal miqyasda humanitar gündəliyə verdiyi töhfələrin bariz ifadəsidir. Bu baxımdan, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında formalaşmış qarşılıqlı hörmət və əməkdaşlıq münasibətləri də ortaq dəyərlər və prinsiplər üzərində qurulub”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib:

“Tarixən müxtəlif dinlərin, etnik qrupların və mədəniyyətlərin dinc yanaşı yaşadığı Azərbaycan bu ənənəni müasir dövrdə də uğurla davam etdirir. Ölkəmizdə bütün dini konfessiyaların nümayəndələri azad və bərabər hüquqlarla fəaliyyət göstərir, dini-mədəni irsin qorunması və bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Məscidlərin, kilsələrin və sinaqoqların bərpası, dini icmalar arasında dialoqun təşviqi dövlət siyasətinin humanist mahiyyətini əyani şəkildə nümayiş etdirir.

Azərbaycanın beynəlxalq platformalarda irəli sürdüyü təşəbbüslər də mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına xidmət edir. Müxtəlif beynəlxalq forumların, humanitar tədbirlərin və qlobal əhəmiyyətli konfransların ölkəmizdə keçirilməsi Azərbaycanın sivilizasiyalar arasında körpü rolunu uğurla yerinə yetirdiyini təsdiqləyir. Bu fəaliyyət Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş, sülh və əməkdaşlıq tərəfdarı kimi mövqeyini daha da möhkəmləndirir.

Təqdimetmə mərasimində Prezident İlham Əliyev regionda sülh və sabitliyin təmin olunmasının əhəmiyyətinə də xüsusi diqqət yetirib. Azərbaycan və Ermənistan arasında uzun illər davam etmiş münaqişənin artıq geridə qalması, regionda yeni reallıqların formalaşması və sülh gündəliyinin irəli sürülməsi həm regional, həm də qlobal miqyasda mühüm əhəmiyyət daşıyır. Otuz ildən artıq müddətdə müharibə şəraitində yaşamış iki dövlətin artıq sülhə doğru real addımlar atması tarixi mərhələ kimi qiymətləndirilir. Əldə olunan nəticələr və son dövrdə aparılan danışıqlar tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülh istiqamətində irəliləyişin mümkünlüyünü göstərir”.

Eldar Quliyev vurğulayıb ki, Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması, eyni zamanda, Azərbaycanın qlobal humanitar təşəbbüslərə verdiyi töhfələrin, beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində atdığı addımların və sülhə çağırışlarının yüksək səviyyədə qiymətləndirilməsidir:

“Bu hadisə dövlətimizin başçısının beynəlxalq miqyasda nüfuzlu və qəbul edilən liderlər sırasında yer aldığını bir daha təsdiqləyir. Beləliklə, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Prezident İlham Əliyevə təqdim olunması təkcə bir dövlət başçısının şəxsi nailiyyəti deyil, bütövlükdə Azərbaycan xalqının multikultural dəyərlərə, tolerantlığa, qarşılıqlı hörmətə və humanizm prinsiplərinə sadiqliyinin beynəlxalq aləmdə təntənəsi kimi qiymətləndirilir. Bu mühüm hadisə bir daha sübut edir ki, insan qardaşlığı ideyası və sülh fəlsəfəsi Azərbaycan dövlət siyasətinin əsas sütunlarından biridir və ölkəmiz bu istiqamətdə qlobal miqyasda da yüksək nüfuz qazanmağa davam edir”.