BAKI, 11 fevral. TELEQRAF

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana səfəri, imzalanan sənədlər, verilən mesajların əhəmiyyətini necə dəyərləndirirsiniz?

- ABŞ-nin vitse-prezidentinin bölgəyə, xüsusən də Azərbaycana səfəri böyük prosesin vacib bir hissəsidir. Keçmişə nəzər salsaq görmək olar ki, 2020-ci ildən əvvəl diplomatiyada və beynəlxalq münasibətlər səviyyəsində artıq tarixdə qalmış Qarabağ probleminin nə şəkildə həll olunması ilə bağlı müxtəlif təkliflərin edildiyini görmək mümkündür. Hətta Azərbaycana fərqli rakurslarda keçmiş işğal və status-kvo vəziyyətinin nəzərə alınması ilə bağlı təzyiqlər də olunurdu. Prezident İlham Əliyev də dəfələrlə bəyanatlarında bu məsələləri diqqətə çatdırıb. Daha sonra ölkəmizin başçısı reallıqları necə dəyişdirdiyimizi bəyan etdi. Çünki dünyada mövcud olan güclü oyunçuların planlarına zidd olaraq bu reallıq dəyişib. II Qarabağ müharibəsi, şanlı Azərbaycan Ordusunun, şəhidlərimizin qanı bahasına yeni bir reallıq formalaşıb. Azərbaycan güc tətbiq etməklə özünün ərazi bütövlüyü və suverenliyini təmin edib. Amma vaxtilə Azərbaycana “sən güc yolu ilə torpaqlarını azad edə bilməzsən” deyirdilər. Ermənistanın güc yolu ilə Azərbaycan torpaqlarını işğal etməsinə isə heç kim, heç nə demirdi. Bizə isə deyirdilər ki, güc tətbiq edə bilməzsiniz və s. Azərbaycan isə haqlı və qanuni olaraq güc tətbiqi ilə beynəlxalq hüququ təkbaşına icra etdi. Müharibədən dərhal sonra sülh təşəbbüsü ilə çıxış edən tərəf də Azərbaycan oldu. Sülh prosesini hazırkı səviyyəyə çıxardan tərəf də rəsmi Bakıdır. Bu mənada ABŞ-nin vitse-prezidentinin Azərbaycana səfəri sülh prosesinin və ölkəmizin həyata keçirdiyi siyasətin güclü, nüfuzlu dövlət tərəfindən tanınması demək idi.

- Regionda sülh, əməkdaşlıq və qarşılıqlı etimad mühitinin formalaşmasında ABŞ-nin yüksək səviyyəli məmurunun səfəri nə dərəcə effektiv olacaq?

- Sözsüz ki, Vensin Bakı səfəri tarixi hadisədir. ABŞ-nin vitse-prezidentinin Bakı səfəri yeni bir dövrün başlanğıcıdır. Vens də Bakı səfəri zamanı Azərbaycan əsgərinin qəhrəmanlığından danışdı. Dünyada iki yüzdən artıq ölkə var və bu çoxluğun içərisində Azərbaycana olan diqqət, təbii ki, özünün bütün parametrləri ilə effektiv olacaq.

- Bu səfərlə bağlı fərqli yanaşmalar sərgiləyənlər də oldu. Bəziləri iddia etdilər ki, proseslərin gedişini gözləmək lazımdır və s. Bu arqumentlər nəyə əsaslanır?

- Hazırda ABŞ-də Donald Tramp administrasiyası hakimiyyətdədir və onun iqtidardan getməsinə hələ 3 ilə yaxın vaxt var. Trampın varisinin kimliyi ilə bağlı da açıq yanaşmalar mövcuddur. “Respublikaçılar” əmindir ki, Tramp komandasında iki-üç şəxsin sonrakı dövrdə Amerikada prezident seçkilərində uğur qazanmaq imkanları çoxdur. Onlardan biri ABŞ-nin hazırkı vitse-prezidenti Ceyms Devid Vens, digəri isə dövlət katibi Mark Rubiodur. Bu baxımdan gələcəklə bağlı yanaşmalar o qədər də ziddiyyətli görünmür. Ötən gün Azərbaycana səfərə gəlmiş Vensin gələcəkdə Amerika prezidenti seçilməsi fərqli bir situasiya yarada bilər. Eyni zamanda Vensin Bakıya səfəri zamanı onu müşahidə edən iş adamları və digər şəxslər də bu xüsusda mühüm əhəmiyyət kəsb edir.

- Azərbaycanla ABŞ arasında əldə edilən razılaşmaların mahiyyətini necə xarakterizə etmək olar?

- Bakı ilə Vaşinqton arasında əldə edilən razılaşmalar fonunda yüksək texnologiyaların Azərbaycana inteqrasiyası mümkün olacaq. Həmçinin enerji sistemi, su təchizatı və s. məsələlərlə bağlı əldə olunan nəticələrin effekti çox böyükdür. İndi hamı az qala guya ABŞ-nin Ermənistana böyük investisiyalar yatırdığını iddia edir. Sözsüz ki, bu Ermənistan üçün hədiyyə deyil, onu geri qaytarmaq lazım olacaq.