Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Eldar müəllim, Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi sözsüz ki, Azərbaycana və onun Liderinə verilən ən yüksək qiymətdir. Bu mükafatın əhəmiyyəti nədən ibarətdir və kimlər bu yüksək təltifə layiq görülürlər?
- Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən layiq görüldüyü “Zayed İnsan Qardaşlığı Mükafatı” olduqca önəmli amildir. Bu təbii ki, Azərbaycan Prezidentinin sülh missiyanın qlobal səviyyədə təqdir olunmasının bariz nümunəsidir. Dövlətimizin başçısının layiq görüldüyü yüksək mükafat humanizm və qlobal həmrəylik rəmzidir.
“Şeyx Zayed Fondu BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Əl Nəhyanın irsini yaşatmaq üçün təsis olunub. Fondun missiyası dünyada humanizm, dözümlülük, ətraf mühitin qorunması və xalqlararası sülhün təşviqinə xidmət edir. “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülh, həmrəylik və dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilir. Mükafat indiyədək dünyanın ən nüfuzlu təşkilat, dövlət və hökumət başçılarına təqdim olunub.

Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın regional, qlobal miqyasda sülh quruculuğu prosesindəki aparıcı roluna beynəlxalq səviyyədə verilən ən yüksək qiymətdir. Azərbaycan 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror tədbirlərində əldə etdiyi mütləq qələbə ilə beynəlxalq hüququ təkbaşına təmin etdi. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiya ilə döyüş meydanında qazanılan uğur diplomatik müstəvidə də möhkəmləndirildi. Bundan sonra isə Azərbaycan qlobal miqyasda sülhün təşviqi istiqamətdə təsirli addımlar atmaqda davam edir.
Həmçinin tarixi Zəfərdən sonra azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri və “Böyük Qayıdış” Proqramı hərbi Qələbənin mülki tərəqqiyə çevrilməsinin bariz nümunəsidir. Azərbaycanın sülh gündəliyi isə regional və qlobal əməkdaşlığı, beynəlxalq hüququn prinsiplərini birləşdirir.
2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ Prezidentlərinin, Ermənistanın Baş nazirinin iştirakı ilə əldə edilən tarixi razılaşmalar, nəhayət sülh sazişinin paraflanması, Zəngəzur dəhlizinin (Tramp marşurutu) açılması istiqamətində əldə olunan nəticələr özünü göstərməkdədir.
Bütün bunların fonunda Azərbaycan Liderinin layiq görüldüyü Şeyx Zayed Fondunun mükafatı Azərbaycanın seçdiyi əməkdaşlıq yoluna verilən mühüm dəyərdir.
- Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına müsahibəsində səsləndirdiyi mesajları necə xarakterizə etmək olar?
- Sözsüz ki, Azərbaycan Prezidenti bu müsahibəsində də olduqca mühüm məqamlara toxunub. Dövlətimizin başçısı müsahibəsində beynəlxalq hüquq normalarının dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq amil olmasını qeyd edib. Vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası beynəlxalq hüquqa uyğun adım idi. Beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyub. Dövlətimizin başçısının “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu mükafata layiq görülməsi bu xüsusda mühüm amildir.

Ölkəmizin başçısı da müsahibəsində bu yüksək ali mükafatın otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında göstərilən dəyər kimi səciyyələndirib.
Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olub. Azərbaycanla Ermənistan arasında sülh müstəvisində atılan addımlar məhz bu realllığa xidmət edir.
Prezident İlham Əliyevin bu mötəbər platformada “Euronews” televiziyasına verdiyi müsahibə cari proseslərə olan bir qiymət olmaqla yanaşı həmçinin Azərbaycanın dəyişən dünya nizamında öz yerini necə müəyyən etdiyini göstərən strateji baxışdır.
- Prezident İlham Əliyevin “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədini imzalayıb. Bu Azərbaycan dövlətinin sülh prosesinə yanaşması kimi də izah olunur…
- Azərbaycan Prezidentinin “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədini imzalaması tarixi qərar idi. Bu öz növbəsində Azərbaycanın qlobal sülh gündəminə olan strateji mövqeyinin ifadəsidir. Azərbaycanın qlobal sülh təşəbbüslərində fəal və prinsipial mövqeyi bir daha bəyan edildi.
Müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir. Regional münaqişələrin artması, humanitar böhranların dərinləşməsi, beynəlxalq hüququn selektiv tətbiqi açıq təhdidlər yaradır. Belə olan halda sülhün qorunması, dialoqun təşviqi olduqca önəmlidir.

Prezident İlham Əliyevin “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədini imzalaması ölkənin qlobal və regional sülh gündəliyinə verdiyi ardıcıl və prinsipial töhfədir. Azərbaycan dövlətinin beynəlxalq münasibətlərdə konstruktiv mövqeyini, əməkdaşlığa sadiqliyini və sülhün yalnız bəyanatlarla deyil, institusional mexanizmlər vasitəsilə təmin olunması bir daha nümayiş olundu.
“Sülh Şurasının Nizamnaməsi” sülhün təşviqi, münaqişələrin qarşısının alınması, dialoq və vasitəçilik mexanizmlərinin gücləndirilməsi kimi fundamental prinsipləri özündə ehtiva edir. Nizamnamə beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq və qarşılıqlı etimad əsasında əməkdaşlıq kimi müddəalara əsaslanır.
Azərbaycan Liderinin bu sənədi imzalaması həmçinin ölkəmizin sülh anlayışına olan birmənalı münasibətinin ifadəsi idi.
- Ümumilikdə Azərbaycan Prezidentinin bu ilki Davos Forumunda iştirakı ilə bağlı mənzərəni necə dəyərləndirirsiniz?
- Prezident İlham Əliyevin İsveçrə Konfederasiyasının Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda keçirdiyi görüşlər olduqca zəngin idi. Ölkəmizin başçısının keçirmiş olduğu görüşlər, aparılan müzakirələr, qarşılıqlı təmaslar yaddaqalan oldu.
Azərbaycan Davos İqtisadi Forumunda 1995-ci ildən iştirak edir. 1995-ci ilin 27-31 yanvar tarixlərində Ulu Öndər Heydər Əliyev ilk dəfə olaraq Forumda iştirak edib. Sonrakı məhələdə isə Prezident İlham Əliyev tərəfindən bu ənənə uğurla davam etdirilir. Ərazi bütövlüyünü və suverenliyini, beynəlxalq hüququ təkbaşına təmin etmiş Azərbaycan regional və qlobal miqyasda sülhün, əməkdaşlığın tərəfdarı kimi çıxış edir. Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycanın inkişafı aparıcı beynəlxalq reytinq təşkilatlarının da diqqət mərkəzindədir. Milli maraqlar üzərində həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq birliyin ən vacib tərəfdaşıdır. Bu uğurlar isə ölkə başçısının həyata keçirdiyi siyasətin mahiyyətindən qaynaqlanır.

Sözsüz ki, Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda (World Economic Forum – WEF) davamlı iştirakı Azərbaycan üçün beynəlxalq siyasi-iqtisadi müstəvidə mühüm çağırışları ehtiva edir.
Prezident İlham Əliyevin Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirakı və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampla görüşü də bu xüsusda mühüm amillərdən idi.
Bütün bunların fonunda ölkəmizin başçısının nüfuzlu Forumda iştirakı Azərbaycanın qlobal çağırışlara adekvat yanaşmasının açıq təzahürüdür.