BAKI, 19 yanvar. TELEQRAF

"Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən layiq görüldüyü “Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycana və onun Liderinə olan yüksək hörmət və ehtiramın bariz nümunəsidir. Şeyx Zayed Fondu BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Əl Nəhyanın irsini yaşatmaq üçün təsis edilib. Fondun əsas missiyasının fəlsəfəsi dünyada humanizm, dözümlülük, ətraf mühitin qorunması və xalqlararası sülhü təşviq edir".

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat qeyd edib ki, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Prezident İlham Əliyevə təqdim edilməsi əslində onun liderlik xüsusiyyətinə olan diqqətin göstəricisidir: “Müzəffər Ali Baş Komandan Azərbaycan xalqına zəfəri yaşatmaqla yanaşı, dünya müharibə tarixində də və ondan sonrakı dövrdə sülh təşəbbüskarı kimi öz adını tarixə yazdırdı. Məhz ölkə başçısına verilən bu yüksək mükafat Azərbaycana dünyada olan böyük diqqətin bariz nümunəsidir. Prezident İlham Əliyevin atdığı addımlar dünya birliyi tərəfindən də böyük maraqla qarşılanır.

Ötən ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ Prezidentlərinin və Ermənistanın Baş nazirinin iştirakı ilə tarixi qərarlara imza atıldı. II Qarabağ müharibəsindən sonra da sülh təşəbbüskarı məhz Azərbaycan olub. Sözsüz ki, bu ölkə başçısının hərbi, siyasi, diplomatik müstəvidə əldə etdiyi növbəti tarixi uğur idi. Həmçinin bu, Azərbaycanın əldə etdiyi tarixi qələbənin beynəlxalq müstəvidə, dünya ictimaiyyətinin gözü önündə təsdiqi kimi yaddaşlara həkk olundu. Bununla da bölgədə müharibə və münaqişə dövrünün arxada qaldığı bir daha bəyan edilmiş oldu. İndiki reallıqda isə bir daha Azərbaycanın bütün sferalarda əldə etdiyi uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün strategiyanın nəticəsi kimi özünü təsdiq edir.

Dövlətimizin başçısının növbəti dəfə nüfuzlu bir mükafata layiq görülməsi Azərbaycanın ötən dövr ərzində həyata keçirdiyi uğurlu siyasətin məntiqi sonluğu kimi də xarakterizə olunur”.

Ceyhun Məmmədov vurğulayıb ki, Azərbaycan Prezidentinə indiki qlobal çağırışların gücləndiyi bir dövrdə ən yüksək mükafatın təqdim edilməsi sülh və əməkdaşlığa, ortaya qoyulan siyasi iradəyə olan birmənalı münasibət kimi də təcəssüm olunur:

“Azərbaycan Prezidenti hazırda Davos İqtisadi Forumunda iştirak edir. Ölkəmiz bu Forumda hər zaman yüksək səviyyədə təmsil olnur ki, bu da Preziden İlham Əliyevin praqmatik siyasətinin nəticəsidir. Dünyanın aparıcı güc mərkəzləri, təşkilatları və digər qurumlar Azərbaycanla, onun lideri ilə əməkdaşlığa böyük maraq göstərir. Bu gün Azərbaycanın həyata keçirdiyi uğurlu strategiya nəticəsində Cənubi Qafqazda yeni bir reallıq yaranıb. Prezident İlham Əliyev tərəfindən Zəngəzur dəhlizi (Tramp marşrutu), Orta dəhliz kimi qlobal layihələrin reallaşması üçün atdığı real addımlar beynəlxalq birlik tərəfindən də təqdir olunur. Azərbaycan artıq vacib təşəbbüslərin irəli sürüldüyü mərkəz kimi, ölkə başçısının atdığı adımlar bunun fonunda yüksək dəyərləndirilir”.