BAKI, 13 yanvar. TELEQRAF

"Prezident İlham Əliyevin sədrliyi ilə "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026 - 2035-ci illər üçün Dövlət Proqramı"na həsr olunan müşavirə ölkəmizin dayanıqlı inkişaf strategiyasına yönəlik strateji baxışın təsdiqidir. Cənubi Qafqaz regionunun siyasi, iqtisadi, hərbi lokomotivi olan Azərbaycan bölgədə istər regional, istərsə də beynəlxalq əhəmiyyətli layihələri reallaşdırmaqla öz gücünü hər zaman təsdiq edib".

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Günay Ağamalı deyib.

O qeyd edib ki, bu gün Prezident İlham Əliyevin müdrik strateqliyi sayəsində formalaşan yeni geosiyasi konfiqurasiya böyük ölçüdə Transxəzər regionu üçün yeni perspektivlər, fürsətlər pəncərəsi açır: "Təbii ki, qazanılan uğurlar və nailiyyətlər ölkədaxili infrastruktur şəbəkəsinin təkmilləşdirilməsi və genişləndirilməsindən də yan keçməyib. Bu kontekstdə çıxış edən dövlət başçısı müşavirə zamanı olduqca əhəmiyyətli məqamlara toxundu. Ölkə rəhbəri vurğuladı ki, "ölkəmizdə son illər ərzində genişmiqyaslı infrastruktur layihələri icra edilmişdir, həm Bakıda, həm bütün bölgələrdə. İyirimi il ərzində bir neçə regional inkişaf proqramı qəbul edilmişdir. Hər proqram beş ili əhatə edirdi və proqramlar uğurla icra olundu. Biz bunun nəticəsində əsas infrastruktur məsələlərini həll etdik. İlk növbədə elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə etmişdir. Tamamilə yeni mərhələyə qədəm qoyduq. Bu yaxınlarda yeni külək elektrik stansiyasının açılışında bu məsələyə bir qədər toxundum, bu gün bizim enerji generasiya gücümüz tələbatımızdan daha artıqdır. Hətta biz elektrik enerjisini ixrac edirik. Vaxt var idi ki, bu məsələ ilə bağlı ciddi problemlər mövcud idi, enerji qıtlığı mövcud idi. Biz hətta xaricdən elektrik enerjisini idxal etməyə məcbur idik. Bu gün isə görülmüş tədbirlər nəticəsində həm generasiya gücləri yaradıldı, - hazırda təqribən 10 min meqavata yaxındır, - eyni zamanda, yarımstansiyalar, ötürücü xətlər, paylayıcı şəbəkə - bütün bu məsələlər vahid sistem halına salınmışdır".

Deputat bildirib ki, Azərbaycan elektrik enerjisi istehsalında regionun lider dövlətidir: "Xüsusilə, bərpa olunan enerji mənbələrinə qoyulan investisiyalar, formalaşdırılan tərəfdaşlıqlar və bu istiqamətdə həyata keçirilən layihələr ölkəmizi gələcək dövrdə aparıcı elektrik enerjisi ixracatçılarından birinə çevirəcəkdir.

Əhalinin mavi yanacağa olan tələbatından söz açan Prezident İlham Əliyev bu sahədə görülən işləri diqqətə çatdıraraq bildirdi ki, "əhalinin 96 faizi bu gün təbii qazla təchiz edilib. Bu da son 20 il ərzində aparılan infrastruktur layihələri arasında xüsusi yer tutan məsələdir. Çünki vaxtilə bizim qaz təchizatımız daxili tələbatı ödəməyə imkan vermirdi. Biz qazı da xaricdən idxal edirdik və böyük çətinliklərlə üzləşirdik. Bu gün isə dünyanın 10-dan çox ölkəsi, - bu ölkələrin sayı ildən-ilə artır və bu il də yeni ölkələr bu siyahıya daxil ediləcək, - Azərbaycan təbii qazını alıb öz enerji təhlükəsizliyini gücləndirir". Təbii ki, qeyd edilən yüksək göstəricilər bundan sonra daha da yaxşılaşdırılacaq".

Günay Ağamalı vurğulayıb ki, ölkə əhalisinin içməli suya olan tələbatından bəhs edən dövlət rəhbərimiz bu sahədə görülən işlərin miqyasını da diqqətə çatdırıb: "Son 20 ildə 4 böyük su anbarının tikilməsi dövlətin təhlükəsizllik qayğılarına necə həssaslıqla yanaşmasının göstəricidir. Qeyd etmək lazımdır ki, mövcud müsbət tendensiya bundan sonra da davam etdiriləcəkdir. Qlobal iqlim böhranı fonunda yaranan çətinliklər, onun mənfi təsirləri bizdən yan keçmir və zaman - zaman bu çətinliklərə üz-üzə qalırıq. Bu səbəbdən 30 yaxın yeni su anbarının tikintisi planlaşdırılır ki, qış aylarında yağan yağıntıları səmərəli şəkildə idarə etmək mümkün olsun. Eyni zamanda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üçün atılan addımlar yeni interaktiv yanaşmanın göstəricisidir.

Prezident İlham Əliyevin müşavirədəki çıxışı bir daha onu göstərdi ki, Azərbaycan bu günün reallıqlarını və gələcək onilliklərin çağırışlarını nəzərə alaraq düşünülmüş və ardıcıl inkişaf yolu seçib".