BAKI, 12 yanvar. TELEQRAF
"Müasir dünyada enerji təhlükəsizliyi, dayanıqlı inkişaf və iqlim dəyişiklikləri ilə mübarizə dövlətlərin sosial-iqtisadi strategiyalarında mühüm yer tutur. Qlobal enerji bazarlarında baş verən dəyişikliklər, ənənəvi enerji resurslarının tükənməsi riski və ekoloji çağırışlar bərpaolunan enerji mənbələrinin inkişafını zəruri edib. Azərbaycan bu qlobal prosesləri vaxtında və düzgün qiymətləndirərək enerji siyasətində strateji transformasiya həyata keçirib, xüsusilə yaşıl enerjinin inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin 8 yanvar 2026-cı il tarixində “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində etdiyi çıxış bu uzaqgörən siyasətin konseptual əsaslarını və əldə olunan real nəticələri aydın şəkildə nümayiş etdirib".
Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov açıqlamasında deyib.
O qeyd edib ki, dövlətimizin başçısı çıxışında qeyd etdiyi kimi, ölkəmizin enerji potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək “Xızı-Abşeron” Külək Elektrik Stansiyası artıq fəaliyyətə başlayır və bu, Azərbaycanın enerji sektorunun inkişafında mühüm mərhələdir: “Bu stansiyanın istismara verilməsi ölkənin enerji balansının şaxələndirilməsi, elektrik enerjisi istehsalında bərpaolunan mənbələrin payının artırılması və ekoloji cəhətdən təmiz enerjiyə keçidin sürətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev vurğulayıb ki, son illər ərzində ölkəmizdə yeni generasiya güclərinin istismara verilməsi həm texnoloji baxımdan mürəkkəb, həm də yüksək məsuliyyət tələb edən bir proses olub. Bu proses çərçivəsində enerji infrastrukturunun yenilənməsi, mövcud istehsal güclərinin modernləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Məhz bu yanaşma nəticəsində Azərbaycan bu gün regionda etibarlı enerji təchizatçısı və qabaqcıl enerji ölkələrindən biri kimi tanınır.

Dövlət başçısı çıxışında xüsusi olaraq qeyd edib ki, Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi və davamlı inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilib. Bu prioritet yalnız mövcud ehtiyacların ödənilməsinə deyil, eyni zamanda gələcək nəsillər üçün dayanıqlı və təhlükəsiz enerji təminatının formalaşdırılmasına xidmət edir. Bu baxımdan, bərpaolunan enerji mənbələrinin inkişafı ölkənin uzunmüddətli strateji maraqları ilə tam uzlaşır”.
Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, bu gün ölkəmizin müxtəlif bölgələrində bərpaolunan enerji növləri ardıcıl şəkildə inkişaf edir: “Külək və günəş enerjisi üzrə həyata keçirilən layihələr həm regionların iqtisadi potensialının artırılmasına, həm də yeni iş yerlərinin yaradılmasına şərait yaradır. “Xızı-Abşeron” Külək Elektrik Stansiyası isə Azərbaycanın əlverişli təbii-iqlim şəraitindən səmərəli istifadə olunmasının bariz nümunəsidir və bu sahədə toplanmış təcrübənin gələcək layihələr üçün möhkəm baza formalaşdıracağını göstərir.
Çıxış zamanı ölkədə mövcud olan əlverişli investisiya iqlimi də xüsusi vurğulanıb. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda sabit siyasi mühit, proqnozlaşdırılan iqtisadi siyasət və güclü hüquqi baza yaradılıb. Bu amillər nəticəsində ölkəmizə indiyədək 300 milyard dollardan çox xarici sərmayə cəlb edilmişdir ki, bu da Azərbaycanın beynəlxalq investisiya məkanında etibarlı tərəfdaş kimi qəbul olunduğunu təsdiqləyir. Eyni zamanda, xarici borcun çox aşağı səviyyədə olması və ümumi daxili məhsulun təqribən 6 faizindən bir qədər çox təşkil etməsi ölkənin maliyyə sabitliyinin və iqtisadi müstəqilliyinin mühüm göstəricisidir”.
Siyavuş Novruzov vurğulayıb ki, ölkə başçısının da bildirdiyi kimi, Azərbaycanın bərpaolunan enerji potensialı qarşıdakı illərdə daha da artacaq: “Bu istiqamətdə həyata keçirilən layihələrin mühüm hissəsi xarici investorlar tərəfindən icra olunur və bu fakt ölkəmizin enerji sektoruna olan yüksək beynəlxalq marağın göstəricisidir. Bərpaolunan enerji növlərinin yaradılması üzrə reallaşdırılan genişmiqyaslı layihələr Azərbaycanın regional və qlobal enerji bazarlarında mövqelərini daha da möhkəmləndirməklə yanaşı, iqlim dəyişiklikləri ilə mübarizə sahəsində beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə də mühüm töhfə verir.
Nəticə etibarilə, “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi təkcə yeni enerji obyektinin açılışı deyil, eyni zamanda Azərbaycanın enerji strategiyasının məntiqi davamı, iqtisadi inkişaf modelinin mühüm tərkib hissəsi və yaşıl gələcəyə doğru atılmış əhəmiyyətli addımdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu ardıcıl və düşünülmüş enerji siyasəti ölkəmizin enerji təhlükəsizliyini daha da gücləndirir, ekoloji tarazlığın qorunmasına xidmət edir və Azərbaycanın dayanıqlı inkişaf yolunda inamla irəlilədiyini bir daha nümayiş etdirir”.