Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə bir daha göstərdi ki, Azərbaycan dəqiq hesablanmış, dərin siyasi təcrübəyə və güclü iradəyə söykənən liderlə zirvələr fəth edir. Ölkə rəhbərimiz Cənab İlham Əliyevin liderliyinin əsas fərqi ondadır ki, o, istənilən situasiyada soyuqqanlı, praqmatik yanaşma nümayiş etdirir, doğru qərarlar qəbul etməklə mənfi gedişatı belə fürsətə çevirir. Onun çıxışında səslənən hər fikir illərin təcrübəsinə, mürəkkəb geosiyasi proseslərin içində verilmiş düzgün qərarlara və milli maraqların qətiyyətlə qorunmasına əsaslanır. Bütün bunlar nəticəyə hesablanan liderlikdir.
Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Günay Ağamalı deyib.
Deputat bildirib ki, müsahibə zamanı dövlət başçımızın tarixə, keçmiş səhvlərə və beynəlxalq münasibətlərdəki ikili standartlara açıq münasibəti onun cəsarətinin bariz nümunəsidir: "Dövlət başçımız reallığı olduğu kimi ifadə edir və bu reallıq üzərində gələcək strategiyanı qurur. Məhz bu xüsusiyyət onu təkcə ölkə daxilində deyil, beynəlxalq müstəvidə də ciddi qəbul edilən liderə çevirir.

Cənab Prezidentin çıxışında xüsusilə diqqət çəkən məqam onun qərarlarının mərkəzində daim insan amilinin dayanmasıdır. Müharibə və postmüharibə dövründə əsas xətt dəyişməyib. Bu xətdə Azərbaycan vətəndaşının həyatı, təhlükəsizliyi və gələcəyi dayanır".
Günay Ağamalı vurğulayıb ki, cənab Prezident İlham Əliyev Azərbaycanın alternativi olmayan liderdir: "Onun liderliyi gücdə, iradə də, dəqiqlikdə, uzaqgörənlikdədir, qətiyyətdə, məsuliyyətdədir. Məhz bu keyfiyyətlərin vəhdəti sayəsində Azərbaycan müharibədən qalib çıxmış, sülhə güclü dövlət kimi qədəm qoyub.
Cənab Prezidentin müsahibəsi bir daha sübut etdi ki, Azərbaycan bu gün etibarlı əllərdədir. Güclü lider, möhkəm dövlət iradəsi və Prezident-xalq birliyi ölkəmizin əsas dayaqlarıdır. Bu liderlik modeli bu günün Azərbaycanın gələcəyini təmin edən strateji xəttdir.