BAKI, 1 yanvar TELEQRAF
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti ötən il görülən işlər və əldə edilən nəticələr fonunda qarşıdakı dövr üçün də mühüm yol xəritəsidir. Sözsüz ki, 2025-ci il ölkəmiz və xalqımız üçün uğurlu oldu. Ötən il Azərbaycan xalqı sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayıb. Bunun kökündə isə xalq-iqtidar birliyi və əldə edilən uğurlar dayanıb.
Bu sözləri Teleqraf-a Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, əldə edilən nəticələr bu ilin də ölkəmiz üçün uğurlu olacağına əminlik yaradıb: “2026-cı ildə də ölkəmizin qarşısında duran bütün vəzifələr həmişəki kimi uğurla icra ediləcək.
Ötən il 2020-ci il 44 günlük Vətən Müharibəsində əldə edilən şanlı Zəfərimizin beşinci ildönümü böyük fəxarət hissi ilə qeyd edildi. Sözsüz ki, bu xalqımız üçün əbədi bir Zəfərdir. Bu mənada Azərbaycan xalqı bu Qələbə ilə əbədi olaraq fəxr edəcək. Otuzillik erməni işğalına son qoyaraq özünün ərazi bütövlüyünü, suverenliyini tam təmin edən güclü və qalib Azərbaycan bu gün regional və qlobal miqyasda vacib aktora çevrilib. Qələbədən sonrakı dövrdə bütün sahələrdə müəyyənləşmiş strateji inkişafa uyğun olaraq Ordu quruculuğunda da mühüm addımlar atılıb. 2025-ci ildə tarixi Zəfərimizin beşinci ildönümünə həsr olunmuş hərbi paradda son illər ərzində ordu quruculuğunda görülmüş işlərin bir hissəsi xalqımıza və bütün dünyaya nümayişi bunun bariz nümunəsi idi.
Eyni zamanda Vətən müharibəsindəki zəfərin beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək üçün də mühüm uğurlar təmin edilib. Artıq keçmiş münaqişə vəziyyəti üçün formalaşdırılmış, amma 30 illik mövcudluğu dövründə heç bir müsbət addımı ilə xarakterizə edilməyən ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilib. Ölkəmizin başçısı da yeni il müraciətində bu amili xüsusu ilə qeyd etdi. Vurğulandı ki, beləliklə, Qarabağ münaqişəsi artıq beynəlxalq gündəlikdən tamamilə silindi. Zəfər çalmış ölkə kimi Azərbaycan Vətən müharibəsindən dərhal sonra Ermənistana sülh əlini uzadıb. Eyni zamanda bu gün bütövlükdə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin, bunun fonunda qarşılıqlı maraqlara xidmət edən inkişafın təşəbbüskarı kimi çıxış edən Azərbaycan özünün ortaya qoyduğu konseptual prinsiplərin icrasını da təmin edir. 2026-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ Prezidentlərinin, Ermənistanın Baş nazirinin iştirakı ilə sülh sazişinin paraflanması, regional kommunikasiya xəttlərinin açılmasını özündə ehtiva edən razılaşmaların əldə edilməsi tarixi nəticə idi. Bu Azərbaycan sülh gündəliyinə və beynəlxalq hüquqa, həmçinin tarixi zəfərin beynəlxalq birlik tərəfindən qəbul etdirilməsi iqtiqamətində əldə etdiyi növbəti uğur kimi də xarakterizə edilir.
Sözsüz ki, bu Azərbaycan dövlətinin uzaqgörən siyasətinin təzahürüdür. Azərbaycan məhz BMT Nizamnaməsi çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz suveren hüquqlarını tam təmin edib”.

Deputat ölkə başçısının da vurğuladığı kimi bütün ölkə üzrə geniş quruculuq işlərinin aparıldığını, hər bir bölgədə inkişafın müşahidə olunduğunu söyləyib: “Bunun fonunda ölkəmizin beynəlxalq mövqeləri də möhkəmləndirilib. Bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar. Təsadüfi deyil ki, dünyanın aparıcı beynəlxalq aktorları Azərbaycanla əməkdaşlıq etmək üçün müxtəlif təkliflər irəli sürürlər. Ölkəmizin başçısı da məhz bu amilləri təmin edən mühüm məqamları öz müraciətində bir daha bəyan etdi.
Azərbaycan çoxşaxəli xarici siyasət həyata keçirir ki, bu da ölkəmizin milli maraqlarını özündə ehtiva edir. Məhz ötən il Azərbaycanın D-8 beynəlxalq təşkilatına üzv olması bunun bariz nümunəsidir. Həmçinin Orta Asiya ölkələrinin Məşvərət Şurasının tamhüquqlu üzvü seçilən Azərbaycan əməkdaşlığın bütün sferalarda güclənməsində maraqlı olduğunu bəyan edib. Sözsüz ki, ötən il işğaldan azad edilmiş Xankəndidə ECO-nun Zirvə Görüşünü keçirilməsi xüsusilə qeyd olunmalıdır. 2025-ci ilin yadda qalan mühüm hadisələrindən biri də Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünün keçirilməsi oldu. Przident İlham Əliyevin də bəyan etdiyi kimi “bizim ailəmiz olan Türk dünyasıdır” prinsipi bu gün özünü bütün sferalarda açıq şəkildə göstərməkdədir.
Təbii ki, ölkəmizin əldə etdiyi bütün uğurların arxasında onun iqtisadi dayanıqlılığı durur. Ölkəmizin valyuta ehtiyatları tarixi rekord həddə - 80 milyard dollardan artıq bir səviyyəyə yüksəlib. Həmçinin ölkəmizin xarici borcu daha da aşağı düşərək ümumdaxili məhsulun 6,3 faizini təşkil edir. Bütün bunlar beynəlxalq reytinq təşkilatlarının göstəricilərində də öz əksini tapıb”.
Sevinc Hüseynova işğaldan azad edilmiş ərazilərdə görülən misilsiz işlərin, “Böyük Qayıdış” Proqramının uyğun şəkildə uğurla icra edildiyini vurğulayıb: “30 illik erməni işğalından azad edilmiş ərazilərdə bu gün böyük quruculuq işləri aparılır. Atıq 70 minə yaxın insan orada yaşayır, çalışır, təhsil alır. Keçmiş köçkünlər 32 kənd, qəsəbə və şəhərdə yerləşiblər və onlar üçün burada dövlətimiz tərəfindən ən gözəl şərait yaradılıb. Qısa zamanda bu bölgələrimizdə görülən işlərin miqyası onu deməyə əsas verir ki, Qarabağ və Şərqi Zəngəzur ölkəmizin ümumi inkişaf konsepsiyasına uyğun olaraq cənnət-məkan bir diyara çevriləcəkdir.
Təbii ki, bütün bu uğurlar hər bir Azərbaycanlı üçün qürurvericidir. Bu gün dünyada yaşayan Azərbaycanlılar güclü Azərbaycan dövləti ilə fəxr edir. Qalib, ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş Azərbaycan sözsüz ki, hər bir azərbaycanlının qürur və güvənc mənbəyidir”.