BAKI, 9 avqust. TELEQRAF

Azərbaycan tarixinə daha bir önəmli səhifə əlavə olundu - 8 avqust 2025-ci il. Bu gün müasir diplomatiya tariximizdə strateji əhəmiyyət daşıyan və daim iftixar hissi ilə xatırlanacaq unudulmaz an kimi yaddaşlara yazıldı.

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-nin paytaxtı Vaşinqtona tarixi səfəri və keçirdiyi yüksək səviyyəli görüşlər təkcə iki ölkə arasındakı münasibətlərin yenidən formalaşması yox, həm də Cənubi Qafqazda uzun illər davam edən münaqişələrə son qoymaq üçün ən önəmli addım idi.

Xatırlamaq lazımdır ki, əvvəlki Bayden-Blinken administrasiyası dövründə Azərbaycanı qaralamaq və beynəlxalq arenada gözdən salmaq məqsədi güdülürdü. Antiterror əməliyyatlarından sonra Azərbaycandan rəsmi nümayəndə heyətlərinin səfərləri dayandırılmaqla yanaşı, hətta ölkəmizə qarşı sanksiyalar tətbiq etmək fikirləri də müzakirə olunurdu.

Lakin bütün bu təzyiqlərə sinə gərən dövlətimiz, milli ləyaqətindən və maraqlarından heç bir halda geri çəkilmədi. Prezident İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında qurulan dərin siyasi dialoq, yeni Strateji Tərəfdaşlıq Xartiyasının təməli, həmçinin Azərbaycanın haqq və maraqlarının beynəlxalq aləmdə güclü mövqeyə yüksəlməsi bu səfər tarixin əhəmiyyətini daha da xüsusiləşdirdi.

Eyni zamanda Cənubi Qafqazda sülh və əməkdaşlığın bünövrəsini qoyan sazişin paraflanması, dövlətimizin uzun illər ərzində göstərdiyi diplomatik zəhmət və iradənin ən yüksək təzahürü idi.

Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin Vaşinqton səfəri Azərbaycanı həm strateji tərəfdaşlıqda, həm də regional sabitlik və inkişafda yeni mərhələyə qaldırdı.

İlham Əliyev və Donald Trampın bir araya gəlməsi iki ölkənin münasibətlərində yeni dövrün başlanğıcı, yeni əməkdaşlıq formasının təməlinin qoyulduğu an idi. İki ölkə arasında enerji, nəqliyyat, ticarət, süni intellekt və müdafiə kimi sahələrdə əməkdaşlıq genişlənməsi üçün böyük zəmin yarandı. Artıq Vaşinqtonda SOCAR və “ExxonMobil” şirkətləri arasında əməkdaşlıq memorandumu imzalandı ki, bu da strateji tərəfdaşlığın yeni mərhələsini simvollaşdırır.

Budur, uzun illərin sınaqları, sərt beynəlxalq məhdudiyyətləri, qlobal siyasətin mürəkkəb dönəmlərini Azərbaycan güclü iradə və səbrlə aşdı. Prezident Əliyevin “33 il davam edən sanksiyaların sonu Prezident Trampın sayəsində mümkün oldu” deməsi böyük zəfərin sözlə ifadəsi idi. Bu sözlərdə Azərbaycan Prezidentinin dünya arenasında ölkəmizin öz yerini möhkəmləndirmək uğrunda mübarizəsinin əzəməti görünürdü.

Vaşinqton görüşünün əsas məqamlarından biri iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması oldu. Bu sənəd Azərbaycanın yalnız regional deyil, qlobal təhlükəsizlik və iqtisadi platformada daha möhkəm yer tutacağının işarəsi idi.

Prezident İlham Əliyev və Donald Tramp arasında dialoq dərin və geniş mənzərəyə malik idi. Prezident Trampın “Xalqınız böyük xalqdır” sözləri, həm də siyasi yaxınlığın, qarşılıqlı hörmətin ifadəsi idi. İki lider arasında səmimi münasibət gələcəkdə ABŞ-Azərbaycan arasında strateji əməkdaşlığın daha da güclənəcəyininin açıq ifadəsi idi.

Görüş zamanı dünyada baş verən mürəkkəb geosiyasi hadisələr də müzakirə mövzusu oldu. Pakistan və Hindistan kimi nüvə silahına malik ölkələr arasındakı qarşıdurma, Kamboca və Tailand arasındakı gərginlik, eləcə də Cənubi Qafqazdakı münaqişə, bir sözlə, bütün bu məsələlər ölkələrin regional və qlobal sülh və təhlükəsizliyə töhfə vermək üçün birgə fəaliyyətinin vacibliyini göstərirdi.

Görüşdə Prezident İlham Əliyevin “Ermənistanla Azərbaycan arasında müharibə 1994-cü ildə dayandı və sonsuz, mahiyyətdən məhrum olan danışıqlar dövrü başladı və siz möcüzəyə imza atmısınız" - deməsi uzun illər reallaşmayan sülh prosesinə işarə idi. Bu illər ərzində Azərbaycan hərbi münaqişənin sona çatması ilə yanaşı, siyasi dialoqun da nəticə verməsi üçün səylərini davam etdirmişdi.

Bununla yanaşı, Donald Trampın “mətbuat bunu heç vaxt eşitmək istəmir” deyərək, ictimaiyyətin əksər hissəsinin proseslərdən uzaq tutulmasına diqqət çəkməsi, informasiya məkanında da ədalətin bərqərar olmasının vacibliyini göstərirdi. Azərbaycan Prezidentinin cavabı isə milli informasiya müstəqilliyi və obyektivliyi ilə bağlı qəti mövqeyini əks etdirirdi: “Azərbaycan mətbuatı bunu işıqlandıracaq".

Görüşün ən yadda qalan simvolik anlarından biri isə Donald Trampın nadir hallarda təqdim etdiyi Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə verməsi oldu.

Bu, təkcə hörmət və dostluğun göstəricisi yox, həm də Azərbaycanın dünyada yeni imkanlara qapı açdığı bir dönəmin rəmzi idi. Həmin gün Vaşinqtonda digər bir mühüm diplomatik hadisə də baş verdi. Prezident İlham Əliyev, Prezident Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini parafladılar.

Bundan əlavə, ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət imzalayaraq, uzun illər nəticəsiz davam edən Minsk Prosesinin, Minsk konfransının, şəxsi nümayəndə institutunun və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanmasını rəsmiləşdirdilər. Minsk Qrupunun rəsmən ləğv olunması isə “Dağlıq Qarabağ” münaqişəsinin tam və hüquqi baxımdan bağlanması deməkdir ki, bu da Azərbaycan üçün böyük tarixi nailiyyətdir.

Azərbaycan bu addımla da Cənubi Qafqazda yeni siyasi və diplomatik reallıqların bünövrəsini qoymuş oldu. Həmçinin Azərbaycan diplomatiyasının həm qlobal arenada, həm də regional məsələlərdə əldə etdiyi böyük uğurun göstəricisi oldu. Dövlətimizin başçısının bu səfəri eləcə də Zəngəzur məsələsi ilə bağlı yayılan yalnış iddialara da aydınlıq gətirdi. O iddialar ki, nə qədər cəhd olunsa da, Azərbaycanın beynəlxalq arenadakı mövqeyini zəiflədə bilmədi. Əksinə, Prezident İlham Əliyevin uzaqgörən diplomatik strategiyası sayəsində ölkəmizin nüfuzu daha da möhkəmləndi.

Bu təşəbbüs Laçın yoluna qarşı balans yaratmaqla yanaşı, Ermənistanın naşı hesablamalarını da alt-üst etdi. Ermənistan rəhbərliyi düşünürdü ki, Azərbaycan Qarabağdakı məqsədlərinə çatdıqdan sonra Zəngəzur məsələsini unudacaq, amma tam əksinə, Azərbaycan öz sözünü dedi və razılaşmaları yerinə yetirdi, yəni müqavilələrə hörmət prinsipi qüvvəyə mindi.

Ermənistanın ötən 5 il ərzində məsələni uzatmaq üçün “Sülh kəsişməsi” kimi utopik layihələr irəli sürərək oyunbazlıq etməsinə baxmayaraq, Azərbaycan ən önəmli məqsədlərindən biri olan Zəngəzur dəhlizinin açılmasını təmin etmək üzrədir. “Tramp yolu” adı ilə tanınan bu dəhliz Azərbaycanın maneəsiz hərəkətinə zəmanət verəcək və onun idarəetməsi ABŞ tərəfindən həyata keçiriləcək.

Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirəcək, sülh sazişi isə Cənubi Qafqazda sabitliyin və inkişafın əsasını qoyacaq. Elə Prezident Tramp tərəfindən Prezident İlham Əliyevə verilən Ağ Evin açarı bu dəfə sadəcə rəmz yox, Azərbaycanın özünü güclü, hörmətli və sülhə sadiq bir dövlət kimi dünyaya təqdim etdiyi və edəcəyi günün nişanəsidir.

Ölkəmizin bu möhtəşəm uğuru, xalqımızın əzmi və dövlətimizin qətiyyətli siyasətinin təcəssümü olaraq, yalnız bu günün deyil, gələcək nəsillərin də fəxr edəcəyi tarixi dönüş nöqtəsidir. 8 avqust göstərdi ki, güclü liderlik, məqsədyönlü diplomatiya və milli həmrəyliklə Azərbaycan öz haqqını dünyaya təsdiq etdi, regionda sülh və əməkdaşlıq üçün yeni imkanlar yaratdı.

Dövlətimizin başçısının müdrik və uzaqgörən siyasəti ilə bu gün imzalanan sənədlər, qurulan dostluq körpüləri və qoyulan strateji əsaslar yalnız iki ölkə arasında deyil, bütövlükdə Cənubi Qafqazda sabitliyin, rifahın və qarşılıqlı anlaşmanın təminatçısıdır. Azərbaycan həm tarixin, həm də gələcəyin qayələrini yüksəltməklə, beynəlxalq arenada söz sahibi olan güclü və inamlı bir dövlət kimi yoluna davam edir. Bu uğur hər bir azərbaycanlının qürur mənbəyidir və yeni zəfərlərə gedən yolun başlanğıcıdır.