BAKI, 7 may. TELEQRAF
"Avropa Parlamentinin Azərbaycanla bağlı sərgilədiyi yanaşmalar tamamilə qərəz üzərində qurulub. Ümumiyyətlə, Avropa Parlamenti (AP) və Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Azərbaycandan nə istəyir? Bu sual hər zaman öz aktuallığını saxlasa da, yenə də eyni cavabda köklənirik. Çünki Azərbaycanın suverenliyini, müstəqilliyini, sərhədlərinin toxunulmazlığını təmin etməsi, görünür, Avropada bir çoxlarının ürəyincə deyil".
Bu sözləri Teleqraf-a Milli Məclisin sədr müavini Ziyafət Əsgərov deyib.
Onun sözlərinə, Avropadakı bəzi qüvvələr Ermənistanla Azərbaycan arasında münaqişənin davam etməsini istəyirdilər:
“Məqsədləri isə Azərbaycana təzyiq etmək idi. İndi isə bu təzyiq mexanimzi əllərindən çıxdı. Bundan istifadə edənlər isə korrupsiya və rüşvətə bulaşmış şəxslər, erməni diasporu olub. Prezident İlham Əliyev də İrəvanda “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında bəyan etdi ki, Avropa Parlamenti tərəfindən 2021-ci ildən 2026-cı ilə qədər Azərbaycana qarşı 14 qətnamə qəbul edilib. Maraqlıdır ki, bu müddət ərzində Azərbaycana qarşı bu qədər qətnamənin qəbuluna səbəb nədir və bu nə ilə bağlıdır? Bu sadəcə olaraq gözügötürməzlikdir. Azərbaycan sürətlə inkişaf edən dövlət kimi ləyaqətlə özünün dünya birliyi tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü və suverenliyini təmin edib”.
Sədri müavini hesab edir ki, Azərbaycanın qalib obrazında olmasını çoxları qəbul etmək istəmir:
“İndiyə qədər Avropa Parlamenti Azərbaycanla Ermənistan arasında sülh prosesini təşviq edən mövqe sərgiləməyib. Azərbaycan əraziləri Ermənistan tərəfindən işğalda saxlanıldığı dövrdə, bir milyona yaxın azərbaycanlı öz vətənində qaçqın və məcburi köçkünə çevrildiyi vaxtda belə Avropa Parlamenti bununla bağlı hər hansı qətnamə qəbul etmədi. Həmçinin keçmiş işğal dövründə Ermənistanın nəzarətində olan Azərbaycan ərazilərində həyata keçirdiyi soyqırım, urbisid, ekosidlə bağlı Avropa Parlamenti bir kəlmə də olsun yazmayıb. Halbuki, işğal dövründə Ermənistan tərəfindən Azərbaycana məxsus tarixi, dini abidələr, məscidlər tamamilə məhv edilib.
Vaxtilə indiki Ermənistan ərazilərində, tarixi ata-baba torpaqlarında yaşamış və sonradan zorla deportasiya edilmiş 300 min Qərbi azərbaycanlının məsələsi bir dəfə də olsun Avropa Parlamenti tərəfindən qaldırılmayıb. Bunun əvəzində isə onlar Qarabağdan könüllü şəkildə gedən ermənilərin məsələsini daha çox şişirtməyə çalışırlar. Əslində isə Azərbaycan tərəfi onlara vətəndaşlığı qəbul edib yaşamaqla bağlı təminat verirdi”.
Ziyafət Əsgərov bildirib ki, AP-nin Azərbaycanla bağlı yanaşmaları tərbiyəsizlik və mənəviyyatsızlığın bariz nümunəsidir:
“Təəssüf ki, biz hələ də ikili standartlar dünyasında yaşayırıq. Görünür ki, bu kontekstdə ölkəmizə daş atanlar olacaq. Məşhur bir ifadədə deyildi kimi “bar verən ağaca daş atarlar”. Azərbaycan isə bu gün özünün inkişaf tendensiyası ilə gündəmdədir. Amma bu qüvvələr unudurlar ki, Azərbaycan heç də 90-cı illərdəki səviyyədə deyil. Ölkəmiz bu gün özünün bütün maraqlarını ən yüksək səviyyədə qorumaqla yanaşı, qaydaları da müəyyən edən dövlətə çevrilib. Reallıq odur ki, Qafqazda sülh prosesini Azərbaycan müəyyən edir. Ona görə də ölkəmizlə ötən əsrin 90-cı illərindəki kimi diktə dilində danışmaq olmaz. Azərbaycan bu gün iqtisadi-siyasi, hərbi, xalq-iqtidar birliyinin möhkəmliyi cəhətdən oturuşmuş bir dövlətdir. Ona görə bizimlə heç kim zarafat etməsin. Bu gün hansısa erməni əsilli hərbi cinayətkarların barəsində çıxarılmış məhkəmə qərarı ilə bağlı sərgilənən yanaşmalar tamamilə absurddur. Niyə Avropa Parlamenti bunla bağlı nəsə demir ki, siz Qarabağda hansı cinayətləri törətmisiniz, azərbaycanlılara qarşı hansı cinayətləri, soyqırım aktlarını həyata keçirmisiniz? Bunları bildikləri halda utanıb, xəcalət çəkmirlər”.