BAKI, 6 avqust. TELEQRAF

Politoloq Fərhad Məmmədov Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında gözlənilən görüş və onun nəticələrinə dair Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Fərhad bəy, Prezidenti Donald Tramp cümə günü Azərbaycan və Ermənistan liderləri ilə Ağ Evdə görüşməyi planlaşdırır. Bu görüşdən gözləntilər nədən ibarətdir?

- Artıq Ağ Ev belə bir görüşün planlaşdırıldığını təsdiqlədi. Həm iki tərəfli, yəni, ABŞ-Azərbaycan və ABŞ-Ermənistan, eyni zamanda üçtərəfli görüşün olacağı deyilir. Bu Trampın Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə töhfə vermək niyyəti ilə bağlı fəallığının nəticəsi kimi dəyərləndirilir.

Azərbaycanla Ermənistan arasında sülhə aid gündəlik aydındır. Rəsmi Bakının sülh müqaviləsi ilə bağlı ilkin şərtləri var. Görünən odur ki, Azərbaycan bu şərtlərdən geri çəkilməyəcək. Yalnız bu halda, Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, ilkin sülh sənədinin paraflanması mümkündür.

Eyni zamanda Azərbaycanın əsas şərtlərindən biri hesab edilən ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı hansısa addımlar atıla bilər.

- Trampın ardıcıl olaraq Bakı ilə İrəvan arasında sülhlə bağlı mesajları fonunda Vaşinqtonda keçiriləcək görüşün əhəmiyyətini necə dəyərləndirirsiniz?

- ABŞ-dən gələn açıq məlumatlara görə, sülh sazişi istiqamətində vacib addımların atılması mümkündür. Söhbət sülh sazişinin imzalanmasından getmir. Sözsüz ki, Ağ Evdə aparılan danışıqlar ümumi sülh prosesinə müsbət təsir göstərəcək.

- ABŞ-də Azərbaycan və Ermənistan arasında sülh elan edilə bilər, deyə açıqlama yayılıb. Sülh elanı dedikdə nə başa düşülür? Bunu bir çoxları çərçivə sülh sənədi kimi dəyərləndirir. Ehtimallar nədən ibarətdir?

- Azərbaycan Prezidentinin gündəliyi məlumdur. Bakının əsas şərtlərinin Ermənistan tərəfindən həyata keçirilməsi, məhz bundan sonra sülh sazişinin imzalanmasından söhbət gedir.

Digər tərəfdən regional nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələsi var. Zəngəzur dəhlizi ilə bağlı ABŞ-nin təklifinin Ermənistan tərəfindən hansı formada qəbul edilməsi gündəmdədir. Çünki bu, Ermənistan tərəfindən qəbul olunduğu halda Azərbaycanın mövqeyi formalaşa bilər.

Bütün bu məsələlər geniş müzakirələrin aparılmasını zəruri edir. Vaşinqtondakı görüş bu prosesi sürətləndirə bilər.