AĞDAM, 20 may. TELEQRAF

Ağdam rayonunun Sarıcalı kəndinin yenidən qurulması ilə bağlı dövlət başçısının tapşırığına uyğun olaraq həmin ərazilər təmizlənib, evlər tikilib və əhali əraziyə köçürülüb. Hazırda minatəmizləmə əməliyyatları apardığımız ərazi əlavə ərazilərdir.

Teleqraf-ın Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri ANAMA-nın əməliyyat rəhbəri Xaliq Zülfüqarov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda Sarıcalı kəndinin ətrafında təhlükəsizlik üçün əlavə ərazilər təmizlənir: "Təmizləmə fəaliyyətinə ANAMA- nın minaaxtarma heyəti ilə yanaşı, həmçinin mexaniki minatəmizləmə vasitələri, xüsusi təlim keçmiş minaaxtaran itlər cəlb olunub".

O qeyd edib ki, təmizlənmə işi görüləcək ərazi keçmiş təmas xəttinin ərazisidir:

"Bura minalarla, partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ərazilərdən biri sayılır. Gün ərzində piyada əleyhinə, tank əleyhinə minalar və həmçinin müxtəlif təyinatlı partlamamış hərbi sursatlar aşkar edirik. Bu gün iş gününün sonunda ərazidə tapılmış minaların partlayış yolu ilə zərərsizləşdirilməsi sizə nümayiş olunacaq".