BAKI, 17 may. TELEQRAF

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun İdarə tərəfindən ABŞ-ın Nyu-York şəhərində təşkil olunan “Türk Günü Yürüşü” tədbiri çərçivəsində “Müttəfiqliyin Hüdudlarından Kənarda: Dəyişən Dünyada ABŞ-Türkiyə Münasibətlərinə Yenidən Baxış” mövzusunda panelə videomesaj göndərib.

Teleqraf xəbər verir ki, Fahrettin Altun Türkiyənin konstruktiv diplomatiya ilə qlobal sabitliyə töhfə verdiyini vurğulayıb.

Paneldə son illərdə Türkiyə-ABŞ münasibətlərində yaşanan ortaq çətinliklər və yeni əməkdaşlıq imkanları fonunda ikitərəfli əlaqələrin gələcəyi müzakirə olunub.

Fahrettin Altun dünyanın təhlükəsizlikdən iqtisadiyyata, humanitar böhranlardan texnoloji transformasiyalara qədər bir çox sahədə dərin dəyişikliklərə, eyni zamanda imkanlar və çağırışlarla dolu bir dövrə şahidlik etdiyini bildirib.

Bu dövrdə uzun illərə dayanan Türkiyə-ABŞ münasibətlərinin yalnız ittifaq əsasında deyil, qarşılıqlı hörmət və ortaq maraqlar çərçivəsində daha da dərinləşdirilməsinin vacibliyini vurğulayan F. Altun Türkiyənin regional güc və qlobal oyunçu kimi qarşılaşdığı çağırışlara konstruktiv və əhatəli siyasətlə cavab verdiyini qeyd edib.

İdarə rəhbəri qeyd edib ki, Türkiyə qlobal sabitliyi dəstəkləyən, sülh və təhlükəsizliyi ön planda tutan diplomatik yanaşma ilə hərəkət edir.

“İstər NATO çərçivəsində davam edən Türkiyə-ABŞ münasibətləri, istərsə də bir çox sahədə dərinləşən əməkdaşlıqla formalaşan müttəfiqlik ruhu, qeyri-müəyyənliyin hakim olduğu qlobal sistemdə daha da dəyərli hala gəlmişdir. Qlobal qeyri-müəyyənlik və xaotik düzənə səbəb olan və ortaq mübarizə tələb edən problemlərin başında isə terror təşkilatları və terrorizm dayanır.

Bu kontekstdə, Türkiyənin terrorun bütün formalarına qarşı apardığı qətiyyətli mübarizəsi və humanitar böhranlara qarşı mərhəmətli və prinsipial mövqeyi təkcə milli təhlükəsizlik baxımından deyil, həm də regional və qlobal sülh baxımından böyük əhəmiyyət daşıyır",- deyə F. Altun bildirib.

O vurğulayıb ki, Türkiyənin apardığı bu mübarizə, müttəfiqləri tərəfindən də dəstəklənməlidir.