BAKI, 28 sentyabr. TELEQRAF

Bu gün İtaliyanın Roma şəhərində “Harmoniya” sənədli filminin təqdimat mərasimi keçiriləcək.

Teleqraf xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə tərəfdaşlığı ilə ərsəyə gələn filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevadır.

“Harmoniya” fərqli dinlərə mənsub üç rəfiqənin gündəlik həyatı və qarşılıqlı münasibətləri nümunəsində Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm mühitini işıqlandırır. Qəhrəmanların ailə həyatı, dini ibadətləri və illərdir davam edən dostluq münasibətləri fonunda qarşılıqlı anlayış, etimad, hörmət və sülh mədəniyyəti tamaşaçıya çatdırılır.

Filmin çəkilişləri Azərbaycanın ayrı-ayrı bölgələrində yerləşən dini ibadətgahlarda, eləcə də ölkəmizdə formalaşmış dinlərarası harmoniyanı və mədəni müxtəlifliyi özündə ehtiva edən məkanlarda aparılıb.

Təqdimat mərasimində Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Müqəddəs Taxt-Tacın dövlət rəsmilərinin, diplomatik korpus və dini icmaların təmsilçilərinin, din xadimlərinin iştirakı gözlənilir. Həmçinin Azərbaycanın zəngin dini-mədəni irsini və multikultural dəyərlərini təcəssüm etdirən fotostend də nümayiş olunacaq.

Qeyd edək ki, tolerantlıq, qarşılıqlı hörmət, həmrəylik və dinc birgəyaşayışın əhəmiyyətindən bəh edən “Harmoniya” sənədli filmi beynəlxalq festivallarda və müxtəlif kino platformalarında da təqdim olunur.