BAKI, 6 iyun. TELEQRAF

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” blokunun parlament seçkilərində iştirakının ləğv edilməsi ilə bağlı müraciəti təmin etməyib.

Teleqraf xəbər verir ki, qərar iyunun 5-də keçirilən növbədənkənar iclasda qəbul olunub.

Müraciət qərbyönlü “Respublika” Partiyasının lideri Aram Sarkisyan tərəfindən təqdim edilmişdi. O, “Güclü Ermənistan” blokunun qeydiyyatının etibarsız sayılmasını və iyunun 7-nə təyin olunmuş parlament seçkilərində iştirakdan kənarlaşdırılmasını tələb edirdi.

Ermənistan MSK-nın sədri Vaaqn Ovakimyanın açıqladığı qərarda bildirilir ki, blokun qeydiyyatının ləğvi məsələsi ilə bağlı məhkəməyə müraciət etmək üçün hüquqi əsaslar mövcud deyil.

“MSK hesab edir ki, “Güclü Ermənistan” blokunun seçki siyahısının qeydiyyatının ləğvi ilə bağlı məhkəməyə müraciət etmək üçün əsas yoxdur. Bu səbəbdən Aram Sarkisyanın 5 iyun tarixli müraciəti rədd edilir”, - deyə qərarda qeyd olunub.

Ovakimyan əlavə edib ki, qərar dərc olunduğu andan qüvvəyə minir və üç təqvim günü ərzində məhkəmə qaydasında şikayət verilə bilər.