BAKI, 6 iyun. TELEQRAF
İranın raket zərbələri nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinin Qətərin paytaxtı Doha yaxınlığındakı Əl-Udeyd aviabazasında yerləşən əməliyyat mərkəzi tamamilə yararsız vəziyyətə düşüb.
Teleqraf xəbər verir ki, bu barədə "Air and Space Forces Magazine" jurnalı məlumat yayıb.
Nəşrin adı açıqlanmayan yüksəkvəzifəli ABŞ rəsmisinə və digər məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, komanda məntəqəsi “ciddi zərər” alıb və İranın çoxsaylı raketlərinin birbaşa hədəfinə çevrilib.
Məqalədə qeyd olunur ki, hadisə ABŞ və İsrailin İranla müharibəsinin ilk həftələrində baş verib. Bildirilir ki, əməliyyat mərkəzindən artıq istifadə etmək mümkün deyil.
Jurnalın məlumatına əsasən, zərbələr zamanı obyekt ABŞ Silahlı Qüvvələri tərəfindən istismar olunmurdu və şəxsi heyət arasında itki qeydə alınmayıb. Mərkəzin əməkdaşları əvvəlcədən Cənubi Karolina ştatındakı Şou aviabazasına köçürülüb və ABŞ-nin İrana qarşı hava əməliyyatları həmin bazadan idarə olunub.
Əl-Udeyd bazasındakı əməliyyat mərkəzi ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərq və Cənub-Qərbi Asiya üzrə komandanlığına tabedir. Bu məntəqə əvvəllər Əfqanıstan, İraq, Suriya və Yəməndəki hərbi əməliyyatlar zamanı fəal şəkildə istifadə olunub.
Bundan başqa, Suriyadakı Hmeymim bazasında yerləşən Rusiya hərbi qüvvələri ilə bu mərkəz arasında birbaşa rabitə xətti mövcud olub. Hava məkanında insidentlərin qarşısının alınması və uçuş təhlükəsizliyinin təmin edilməsinə dair Rusiya ilə ABŞ arasında memorandum 2015-ci il oktyabrın 20-də imzalanıb.
"Air and Space Forces Magazine" yazır ki, mərkəzin İrana yaxın yerləşməsi və həssaslığı onun bərpa edilməsinin məqsədəuyğun olub-olmaması ilə bağlı suallar yaradıb. Nəşr qeyd edir ki, indiyədək İranın bu ABŞ komanda məntəqəsini faktiki olaraq məhv etməsi barədə məlumat verilməmişdi.