BAKI, 6 iyun. TELEQRAF
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov ABŞ-nin Ukrayna məsələsində müəyyən fərqlərlə olsa da, keçmiş prezident Co Bayden dövründə formalaşmış siyasəti davam etdirdiyini bildirib.
Teleqraf xəbər verir ki, onun sözlərinə görə, Vaşinqtonun Kiyevə dəstək yanaşması münaqişənin əvvəlindən mövcud olub və son açıqlamalar da bu kursun dəyişmədiyini göstərir.
“Bu, Baydenin xəttinin davamıdır. Amma müəyyən nüanslarla desək”, - deyə Uşakov bildirib.
O qeyd edib ki, ABŞ administrasiyasının son bəyanatları Vaşinqtonun Ukraynaya dəstək siyasətini qoruyub saxladığını təsdiqləyir.
TASS agentliyinin məlumatına görə, Yuri Uşakov bu fikirləri jurnalistlərə açıqlamasında səsləndirib.
Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva ilə Vaşinqton arasında ikitərəfli münasibətlərin artıq kifayət qədər gerilədiyini bildirmişdi.