BAKI, 6 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın noyabr ayında Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak edə biləcəyi bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə APEC Katibliyinin icraçı direktoru Eduardo Pedrosa Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində TASS agentliyinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Trampın sammitə qatılması mümkündür, lakin yekun qərar hələ məlum deyil.

“Belə görünür. Amma bunu heç vaxt dəqiq bilmək olmur. Hazırda çox gərgin dövrdür. Bütün liderlərin iş qrafiki çox sıxdır. Bununla belə, hesab edirəm ki, Prezident Tramp APEC-in fəaliyyətinə daim maraq göstərir”, - deyə Pedrosa bildirib.

O xatırladıb ki, Donald Tramp 2025-ci ildə Koreya Respublikasında keçirilən APEC sammitində də iştirak edib.

Pedrosanın sözlərinə görə, Trampın təşkilata maraq göstərməsinin əsas səbəblərindən biri APEC-in biznes yönümlü platforma olmasıdır.

“Vaxt imkan versə, onun gəlib-gəlməyəcəyini görəcəyik. ABŞ onsuz da təşkilatda yüksək səviyyədə təmsil olunur”, - deyə APEC Katibliyinin rəhbəri əlavə edib.