BAKI, 6 iyun. TELEQRAF

Ermənistan hökuməti Axurikdən Türkiyə sərhədinədək uzanacaq dəmir yolunun bərpası və tikintisi ilə bağlı tender elan edib.

Teleqraf xəbər verir ki, bu barədə Baş naziri Nikol Paşinyan Ermənistanın "İctimai Televiziya"ya müsahibəsində bildirib.

Paşinyanın sözlərinə görə, layihə Ermənistanın öz vəsaiti hesabına həyata keçiriləcək.

“Axurik dəmir yolunun bərpası ilə bağlı artıq tender elan etmişik. Bu işi Ermənistanda öz vəsaitimiz hesabına görəcəyik. Rusiya bunu etməyəcək, çünki bu, bizim mülkiyyətimizdir”, - deyə o vurğulayıb.

Baş nazir qeyd edib ki, layihə “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” təşəbbüsünün icrası çərçivəsində həyata keçirilir.

“2026-cı ildə layihələrin praktik mərhələdə icrasına başlanmalıdır. Həm mən, həm də ABŞ Prezidenti Donald Tramp bunu səbirsizliklə gözləyirik”, - deyə Paşinyan əlavə edib.

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli görüşün yekununda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılmasını və Azərbaycan-Ermənistan münasibətlərinin sülh yolu ilə nizamlanmasını nəzərdə tutan birgə bəyannamə imzalayıblar. Həmin layihə “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlandırılıb.

Paşinyan daha əvvəl bildirmişdi ki, Ermənistan Azərbaycan və Türkiyə sərhədlərinə çıxan dəmir yolu xətlərini öz gücü ilə bərpa edəcək. Onun sözlərinə görə, yaxın vaxtlarda Gümrü–Axurik və Axurik–Türkiyə sərhədi istiqamətlərində bərpa işlərinə başlanacaq.