BAKI, 15 fevral. TELEQRAF

Azərbaycan və Türkiyənin xarici işlər naziri Münxendə Ermənistanla sülh prosesini müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabındakı paylaşımında qeyd olunub.

Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin siyasi, təhlükəsizlik, iqtisadi, nəqliyyat-kommunikasiyalar aspektləri, habelə regional və beynəlxalq gündəlikdə duran məsələlər müzakirə olunub.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı (TDT), BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər platformalar çərçivəsində birgə fəaliyyət və dəstəyin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Tərəflər, eyni zamanda Yaxın Şərqdə, xüsusilə Qəzza bölgəsi və Suriyada mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov, həmçinin həmkarını hazırkı regional vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesinin cari vəziyyəti ilə bağlı ətraflı məlumatlandırıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

19:55

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxendə türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd ki, xarici işlər naziri Ceyhun Bayramov Almaniyada işgüzar səfərdədir.