BAKI, 15 fevral. TELEQRAF

15 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

XİN-dən Teleqraf-a verilən xəbərə görə, görüşdə Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri, hazırda ATƏT-in üzləşdiyi çağırışlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri, bölgədəki mövcud vəziyyət, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Feridun Sinirlioğlunu ATƏT-in baş katibi vəzifəsinə təyin olunması münasibətilə bir daha səmimi qəlbdən təbrik edib, ona bu əhəmiyyətli fəaliyyətində davamlı uğurlar arzulayıb.

Avropada təhlükəsizliyin ciddi çağırışlarla üzləşdiyi hazırkı dövrdə beynəlxalq hüquq normalarının, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi prinsiplərin qeyd-şərtsiz tətbiqinin təşviq edilməsinin vacibliyi qeyd olunub.

Nazir Ceyhun Bayramov, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə qarşı tərəfi məlumatlandırıb. İlk növbədə keçmiş işğal dövrünün qalıqları olan strukturların ləğvinin ATƏT-in fəaliyyətinin effektivliyi, habelə regional reallıqlara uyğun şəkildə işin təşkili baxımından vacibliyi vurğulanıb.

Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatından bəhs edən nazir Ceyhun Bayramov, Ermənistan Konstitusiyasında və digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarının davam etdirilməsinin prosesə maneə olduğu diqqətə çatdırıb.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

***

18:40

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə Azərbaycan və Ermənistan arasındakı sülh prosesini müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabındakı paylaşımda qeyd olunub.

Tərəflər arasında Azərbaycan-ATƏT əməkdaşlığının əsas istiqamətləri, ATƏT-in üzləşdiyi çağırışlar, regional və qlobal təhlükəsizliyə təhdidlər, eləcə də regionda vəziyyət ilə bağlı fikir mübadiləsi aparılıb.