
BAKI, 15 fevral, TELEQRAF
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri Zahid Oruc Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Zahid müəllim, Ermənistan rəsmiləri Bakıya növbəti sülh paketini göndərdiklərini və cavab gözlədiklərini bildiriblər. İrəvanın tez-tez bu mövzunu gündəmə gətirməsi nəyə hesablanıb?
- Bu gün Nikol Paşinyanın leksikonunda ABŞ və Fransaya səfərləri fonunda kəskin dəyişikliklər var. Onun gizli hansı təminatları aldığını söyləmək çox çətindir. Lakin reallıq ondan ibarətdir ki, bu, əvvəlki Paşinyan deyil. İndiyə qədər onun öz cəmiyyətini ram etmək üçün söylədiyi fikirlərdə real Ermənistanın çərçivələri, müəyyən şəxslərin cəmiyyətə inteqrasiyası, neqativ simvolların ortadan qaldırılması, tarix duyğusunun düzgün dəyərləndirilməsi məsələləri önə çəkilirdi. Həmçinin “soyqırımı” məsələrinin ötən əsrin 50-ci illərindən sonra ayrı-ayrı ölkələrin imperiya maraqlarından ötrü ortaya atıldığını deyən də Paşinyan idi. İndi isə Ermənistan Azərbaycan təhlükəsi ilə Qərbi şantaj edib silah alan bir dövlətə oxşayır.
İrəvan silahlanır. Sözsüz ki, bu, böyük miqyaslı müharibəyə yetəcək səviyyədə deyil. Hərbi arsenala malik olsa da, ondan istifadə etməyi bacaran ordu da olmalıdır. Nəinki bu gün, qarşıdakı 20 ildə belə Ermənistan Azərbaycanla hərbi meydanada üzləşə bilən durumda olmayacaq.
Söhbət ondan getmir ki, Ermənistanın nefti, 40-50 milyard dolları yoxdur. Ermənistanın ona gücü çatmaz ki, II Qarabağ məğlubiyətindən sonra qısa bir müddətdə dünya ictimaiyyətini, beynəlxalq təşkilatları özünə inandırsın, müasir ordu qursun, Gədəbəydən Naxçıvana qədər olan 1007 kilometrlik sərhəd boyu savaş aparsın. Bu İrəvanın kiçik hədəfli silahları üçün özünün hədəfə çevrilməsi ilə yekunlaşa bilər və ağır nəticələr doğurar. Bölgə hər bir millət üçün gələcək dönəm baxımından ağır duruma məruz qalar. Sözsüz ki, bu, qətiyyən rəsmi Bakının mövqeyi bu deyil.
- Sülh və ya yeni müharibə ritorikası ətrafında müzakirələr gedir. Ermənistanın silahlanması fonunda regionda sülhü tətikləyən amillər önə çıxır. Bu istiqamətdə verilən mesajlar nədən ibarətdir?
- Sülh müqaviləsi yönündə aparılan danışıqları dəyərləndirib, sərhəd ərazilərinə gətirib düzdükləri NATO infrastrukturunu - Avropa Birliyinin müşahidə “missiya”sı məhz odur - ortadan qaldırsaydılar və bunun davamı kimi Ermənistan konstitusiyasında dəyişiklik üçün referendum yönündə hərəkət etsəydilər, bunu normal qarşılamaq olardı. Əvəzində Azərbaycandan cavab reaksiyası olmasaydı, sənəd imzalanmasaydı, burada hansısa arqument tapmaq olardı. Amma proses heç də bu yöndə getmir.
İndi yeganə məqsəd Bakıya təzyiq etməkdir. Ermənistan indi özünün gücləndiyini və gələcək zamanlarda bölgənin geosiyasətində Minsk Qrupu ortadan qaldırılsa, ABŞ və Fransanın iştirakçı olacağı mesajını verir. Eyni zamanda demək istəyir ki, məkan tam olaraq Türkiyə və Rusiya arasında bölüşdürülməyəcək. İran-İrəvan münasibətləri qalsa belə üstünlük Qərb dövlətlərinə veriləcək. Mövcud səhnə məhz belə bir təsəvvür yaradır.
Amma Nikol Paşinyan strateq deyil. O, indi Azərbaycanın qələbəsi fonunda öz cəmiyyətinə çatdırır ki, “iddialarımız boynumuzu aşsa, bunun ağır nəticələri ol bilər”.
- Zəngəzur dəhlizinin açılmasına qarşı Ermənistanda bir çox hallarda dözümsüz yanaşma sərgilənir. Regional kommunikasiya xəttlərinin işə düşməsi niyə təhdid kimi dəyərləndirilir?
- Sülh bölgənin, ayrıca isə Ermənistanın xilasıdır. İndiki halda Ermənistanın söykəndiyi siyasi, hüquqi, strateji, iqtisadi baza yoxdur. Əslində bütün kommunikasiyaların açılması Ermənistan üçün bir nəfəslik olardı. Azərbaycanın Zəngəzurdan Naxçıvanla birləşməsi və Türkiyə ilə münasibətlərin dəyişməsi Ermənistanın xeyrinədir. Çünki ermənilər hər zaman təhlükəni Azərbaycanda axtarırdılar.
Prezident İlham Əliyevin də vurğuladığı kimi Ermənistan Azərbaycanla Türkiyə arasında maneə olmamalıdır. Bu statusda geosiyasət, coğrafi, mental, mənəvi, iqtisadi cəhətlər dərk olunsa, Ermənistanın təyinatı dəyişər. Beləliklə bölgədə hamının xeyrinə olan bir durum meydana çıxar.