
BAKI, 14 fevral. TELEQRAF
Müdafiə Nazirliyi Azərbaycan Hərbi Hava Qüvvələrinin malik olduğu qırıcıların və pilotsuz uçuş aparatlarının (PUA) manevr imkanlarını əks etdirən görüntülər yayıb.
Teleqraf xəbər verir ki, “Hərbi Hava Qüvvələrimiz imzamızı doğruldur” adlı videogörüntülərdə arsenalda olan döyüş təyyarələrinin və PUA-ların fəaliyyəti, döyüş imkanları və təlim uçuşları nümayiş etdirilib.
Eyni zamanda, pilotlar HHQ-nin malik olduğu hava vasitələri, onların döyüş imkanları, qırıcıların və zərbə PUA-larının 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ildə Qarabağda keçirilən antiterror əməliyyatlarındakı rolundan danışıblar.
Azərbaycan Ordusunun arsenalında olan “Bayraktar TB2”-nin pilotu deyib ki, bu PUA-lar 7 kilometr uçaraq, 30 kilometrdən düşməni müşahidə edə, 15 kilometrdən hədəfi məhv edə bilir:
“Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatı düşmənin canlı qüvvəsini, zirehli texnikasını məhv etmək qabiliyyətinə malikdir. Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatları zamanı “Bayraktar TB2” düşmənin bütün fəaliyyətlərini izləyərək, yuxarı qərargaha ötürürdü”.
Pilotun sözlərinə görə, qoşunların irəliləməsi zamanı onları qarşıda hansı düşmənin, hərbi texnikanın gözlədiyini bilməsi vacib məsələdir: “Bütün fəaliyyətlər zamanı “Bayraktar TB2” əsas və xüsusi tapşırığı öz üzərinə götürmüşdü. İstər antiterror, istərsə də Vətən müharibəsi zamanı “Bayraktar”ın dəqiq atəşi düşmənin qorxulu röyasına çevrilmişdi”.
“Akıncı” pilotu isə qeyd edib ki, bu qırıcı istər sülh, istərsə də müharibə dövründə hava kəşfiyyatının aparılması, düşmənin canlı qüvvələri, zirehli texnikaları, mühüm hərbi obyektlərini gecə və gündüz hava şəraitindən asılı olmayaraq məhv etmək imkanına malikdir:
“PUA-nın uzunluğu 12, qanad açıqlığı 20, hündürlüyü isə 4,1 metrdir. Maksimum qalxış ağırlığı 6 ton, maksimum yük götürmək qabiliyyəti 1500 kiloqramdır.
Pilotsuz uçuş aparatının 9 asqı nöqtəsi var. Bu da o deməkdir ki, 9 ədəd böyük ölçülü bomba, həmçinin kiçik ölçülü bomba və raketlərdən 18 ədəd, yəni bir asqıya 2 ədəd kiçik və böyük ölçülü bomba, raket yerləşdirmək mümkündür. “Akıncı” üzərində həm los, həm də blos antenləri daşıyır. PUA 15 kilometr hündürlükdən, 30 kilometr uzaqlıqdan düşməni aşkar edir. 20 kilometr məsafədə isə məhv etmək qabiliyyətinə malikdir.
Göründüyü kimi, “Akıncı” PUA-ları istər döyüş şəraitində, istərsə də sülh dövründə daim vətənimizin hava səmalarını qorumağa, hər hansı təhlükəni vaxtında aradan qaldırmaq imkanına malikdir. “Akıncı” pilotu olaraq Azərbaycanın hava məkanını mühafizə və müdafiə etməyə daim hazıram”.
HHQ-nin digər pilotu isə Hava Təlim Komandanlığının nəzdində olan Pilotsuz Uçuş Aparatları Akademiyasında tədris prosesi barədə danışıb. O qeyd edib ki, Hava Təlim Komandanlığının təlim və təhsil mərkəzində keçirilən kurslar hərbi qulluqçulara təhsil alma imkanı təmin edir: “Məqsəd kadr potensialının inkişafı, kadrların intellektual peşə hazırlıq səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsidir. Təlim və təhsil mərkəzində müxtəlif növ kurslar keçirilir. Bu kurslardan biri də PUA kursudur ki, burada ixtisaslı pilot və texniki heyət hazırlanır. Pilot və texniki heyət hazırlanmasında əsas məqsəd onların öz ixtisaslarında yüksək bilik və bacarığa nail olmasını təmin etməkdən ibarətdir. Pilotsuz Uçuş Aparatları Akademiyasında keçirilən dərslər tədris planlarına uyğun olaraq aparılır. Kurslara ali, orta, orta təhsilli şəxslər cəlb olunur. Kurslar nəzəri və praktiki olmaqla keçirilir. Sonda yekun sertifikat imtahanı verilir. Kursu müvəffəqiyyətlə bitirmiş hərbi qulluqçularımız sertifikatlaşdırılaraq öz bölmələrinə göndərilirlər".
Xatırladaq ki, bu gün Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yaradılmasının 33-cü ildönümüdür.