BAKI, 14 fevral. TELEQRAF

Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzəsi dinlənilib.

Teleqraf xəbər verir ki, məruzəni ədliyyə nazirinin müavini Toğrul Hüseynov parlamentin bugünkü plenar iclasında səsləndirib.

Qeyd olunub ki, keçən il ərzində bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 103 inzibati xəta haqqında protokol tərtib edilib, məhkəmələrə göndərilib:

"Həmin protokollar əsasında 77 bələdiyyənin vəzifəli şəxsi məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib, 15 inzibati xəta protokoluna xitam verilib və 11-i isə hazırda məhkəmələrin icraatındadır. Keçən il bələdiyyələrin yol verdiyi 21 qanun pozuntusu üzrə cinayət işi başlanıb. Həmçinin ötən il 9 min 720 hektar torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən verilən aktlar qanunsuz hesab edildiyindən ləğv olunub".

Qeyd olunub ki, keçən il bələdiyyələrin fəaliyyəti ilə bağlı aparılan araşdırmalar zamanı 51 ciddi qanun pozuntusu aşkar olunub:

“Elektron icra” informasiya sistemi vasitəsilə əldə edilən məlumata əsasən, 2024-cü il ərzində debitor borcların ödənilməsi ilə bağlı bələdiyyələr tərəfindən qəbul edilən 11 290 inzibati akt (2023-cü il ərzində 5 585) icra məmurları tərəfindən icraata qəbul olunub və icraatda qalıqla birgə 16 785 inzibati akt olub. Onlardan 6 669 aktın (2023-cü il ərzində 7 523) icrası təmin edilib. 2024-cü il ərzində inzibati nəzarət qaydasında baxılması üçün daxil olan 102 831 (o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 2 557) bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, nəticədə 99 838 (97%) aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib".

Bundan başqa, qeyd olunub ki, "Bələdiyyələrlə iş informasiya sistemi haqqında Əsasnamə" hazırlanıb.

Məruzə zamanı bələdiyyələrin fəaliyyətindəki əsas nöqsanlar aşağıdakılardır:

"Bələdiyyənin adından başqalarına hüquq verən saxta sənədlərin hazırlanması;

Bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin saxta sənədlər əsasında satılması;

Bələdiyyənin vəzifəli şəxsləri tərəfindən bələdiyyə əmlakı barəsində təkbaşına qərar verilməsi;

Bələdiyyənin vəzifəli şəxsləri tərəfindən bələdiyyə torpaqlarının istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməməsi;

Bələdiyyə əmlakının mənimsənilməsi və ya israf edilməsi;

Bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətinin, habelə hərraca və ya müsabiqəyə çıxarılan torpaqların ilkin qiymətinin bazar qiyməti nəzərə alınmadan real dəyərindən daha aşağı müəyyən edilməsi;

Bələdiyyənin vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində yerli vergi və ödənişlərin, o cümlədən icarə haqlarının toplanması işi aşağı səviyyədə təşkil edilməklə bələdiyyənin maliyyə vəziyyətinin əsaslı şəkildə pisləşməsi".

Xatırladaq ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan Ədliyyə Nazirliyidir.