IX Qlobal Bakı Forumunda aparılan müzakirələr və fikir mübadiləsi dünya gündəmində yer alan mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcək. Bu mənada Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq mərkəzə çevrilib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, IX Qlobal Bakı Forumunda Azərbaycanın postmünaqişə dövrü ilə bağlı gündəliyi də əsas müzakirə mövzusu olub:

“II Qarabağ müharibəsi ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi artıq gündəmdə sülh prosesi var. Bölgə üçün də yeni bir reallıq formalaşıb. Cənubi Qafqazın üç ölkəsi bu regionda sülhə əməkdaşlığa, təhlükəsizliyə, inkişafa töhfə verə bilər. İndi regional birlik üçün əngəl olan Ermənistanın işğalı faktı mövcud deyil”.

Millət vəkili hesab edir ki, bu gün Ermənistan tərəfindən gündəmə gətirilməyə çalışılan ATƏT-in Minsk qrupu faktiki olaraq yoxdur: “Çünki bu qurum 28 il ərzində məşğul olduğu proseslə bağlı heç bir nəticə əldə etməyib. Bu baxımdan da Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Münaqişə Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. Artıq Ermənistanla münasibətləri normallaşdırmaq, sülh müqaviləsi imzalanmalıdır. Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur. Minsk qrupu artıq öz funksiyasını itirib”.

Aqil Məmmədova görə, Azərbauycan qarşı tərəf açıq müstəvidə və beynəlxalq hüquqa əsasən sülh təklif edir:

“Amma Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq. Tarixi nöqteyi-nəzərdən Azərbaycanın bunu etməyə hüququ var. Ötən əsrin 20-ci illərində Azərbaycanın sovetləşməsindən sonra sovet hakimiyyəti tarixi ərazilərimiz olan Zəngəzur Ermənistana birləşdirilib”.