BAKI, 5 avqust. TELEQRAF

XXI əsrdə rəqəmsal texnologiyaların inkişafı dövlətlərin sosial, iqtisadi və mədəni həyatında əsas amillərdən birinə çevrilib. İnternet və sosial media platformaları informasiya əldə etmək, ünsiyyət qurmaq, təhsil almaq və ictimai proseslərdə iştirak etmək üçün geniş imkanlar yaratsa da, xüsusilə uşaqlar və yeniyetmələr üçün yeni risk və təhlükələr də formalaşdırıb. Bu səbəbdən son illərdə dünyanın bir çox ölkələrində uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycanda 16 yaşadək uşaqların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət tətbiq edilməsi və 16-18 yaş arası yeniyetmələrin isə valideyn razılığı ilə bu platformalardan istifadə etməsinin nəzərdə tutulması da məhz bu qlobal çağırışlara verilən adekvat və uzaqgörən cavabdır:

“Bu təşəbbüs ilk növbədə uşaqların hüquq və mənafelərinin qorunmasına, onların sağlam psixoloji inkişafının təmin edilməsinə və rəqəmsal mühitdə təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Tədqiqatlar göstərir ki, sosial şəbəkələrdən nəzarətsiz istifadə uşaqlar və yeniyetmələr arasında psixoloji asılılığın formalaşmasına, aqressiv davranışların artmasına, dezinformasiyanın təsirinə məruz qalmağa, şəxsi məlumatların təhlükəsizliyinin pozulmasına və kiberzorakılıq hallarının çoxalmasına səbəb ola bilər. Xüsusilə yaş xüsusiyyətləri nəzərə alınmadan müxtəlif məzmunlara çıxış imkanları azyaşlıların dünyagörüşünün və davranış modelinin formalaşmasına mənfi təsir göstərən amillərdən biridir”.

Deputat bildirib ki, bu baxımdan məsələyə “sosial şəbəkələrə qadağa” kontekstində yanaşmaq doğru olmazdı:

“Burada söhbət uşaqların informasiya məkanından təcrid edilməsindən deyil, onların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasından və hüquqlarının daha etibarlı şəkildə müdafiəsindən gedir. Nəzərdə tutulan hüquqi mexanizmlərin əsas məqsədi sosial media platformalarında qeydiyyat zamanı yaşın yoxlanılması sisteminin tətbiqi, valideyn nəzarətinin gücləndirilməsi və azyaşlıların zərərli informasiyadan qorunmasıdır. Əslində, bu yanaşma Azərbaycan cəmiyyəti üçün yeni deyil. Bu gün heç kim azyaşlılara siqaret, alkoqollu içkilər və ya soyuq silahların satışına tətbiq olunan məhdudiyyətləri hüquq pozuntusu kimi qiymətləndirmir. Həmçinin pornoqrafik və digər zərərli məzmunlara çıxışın məhdudlaşdırılması da dünyanın əksər ölkələrində qəbul edilmiş hüquqi praktikadır. Dövlətin əsas vəzifələrindən biri uşaqları onların fiziki, mənəvi və psixoloji inkişafına mənfi təsir göstərə biləcək amillərdən qorumaqdır. Rəqəmsal mühit həyatımızın ayrılmaz hissəsinə çevrildiyi üçün həmin qoruyucu mexanizmlərin sosial media platformalarına da şamil olunması tamamilə məntiqi və zəruri addımdır”.

S.Salmanova qeyd edib ki, Azərbaycan bu istiqamətdə hüquqi bazanı sıfırdan formalaşdırmır:

“Hələ 2018-ci ildə qəbul edilmiş “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun uşaqların yaş xüsusiyyətlərinə uyğun informasiya əldə etmək hüququnu təmin etməklə yanaşı, onların zərərli məzmundan müdafiəsinin hüquqi əsaslarını da müəyyən etmişdi. Hazırda müvafiq qanuna edilmiş dəyişikliklər həmin dövlət siyasətinin rəqəmsal platformalar müstəvisində inkişaf etdirilməsi və müasir reallıqlara uyğunlaşdırılması kimi qiymətləndirilməlidir.
Diqqətçəkən məqamlardan biri də Azərbaycanın bu sahədə beynəlxalq təcrübəni nəzərə almasıdır. Son illər dünyanın müxtəlif ölkələrində uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı qanunvericilik təşəbbüsləri əhəmiyyətli dərəcədə genişlənib. Avstraliya 16 yaşadək şəxslərin bəzi sosial media platformalarından istifadəsinə dair ciddi məhdudiyyətlər nəzərdə tutan qanun qəbul edib. Fransada 15 yaşadək şəxslərin sosial şəbəkələrdən istifadəsi üçün valideyn razılığı mexanizmi tətbiq edilir. Böyük Britaniyada uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması məqsədilə platformalar üçün xüsusi öhdəliklər müəyyənləşdirilib. ABŞ-ın bir sıra ştatlarında, Almaniyada, Kanadada, Norveçdə və digər ölkələrdə də analoji hüquqi mexanizmlər tətbiq edilir və ya hazırlanma mərhələsindədir. Maraqlıdır ki, region ölkələri də bu istiqamətdə fəal hüquqi tənzimləmə siyasəti həyata keçirməyə başlayıblar. Qazaxıstan və Özbəkistanda sosial media platformalarında uşaqların təhlükəsizliyinin təmin olunması məqsədilə yeni qanunvericilik təşəbbüsləri müzakirə edilir. Bu isə onu göstərir ki, söhbət ayrı-ayrı dövlətlərin təşəbbüsündən deyil, qlobal xarakter daşıyan və bütün ölkələrin qarşılaşdığı ümumi problemin həllindən gedir”.

Parlamentari vurğulayıb ki, Azərbaycanın bu prosesdə aktiv iştirak etməsi və qabaqlayıcı hüquqi mexanizmlər formalaşdırması dövlətin gələcək nəslin inkişafına verdiyi önəmin göstəricisidir:

“Qanunun qəbulundan sonra onun 12 ay müddətində qüvvəyə minməsinin nəzərdə tutulması da düşünülmüş və sistemli yanaşmanın təzahürüdür. Bu müddət ərzində yaşın müəyyənləşdirilməsi mexanizmlərinin tətbiqi, texniki həllərin hazırlanması, platformalarla əməkdaşlıq mexanizmlərinin qurulması, həmçinin valideynlər və ictimaiyyət arasında maarifləndirmə işlərinin həyata keçirilməsi planlaşdırılır. Bu gün uşaqların rəqəmsal təhlükəsizliyi artıq yalnız ailənin məsuliyyəti deyil. Bu, dövlətin, cəmiyyətin, təhsil sisteminin və rəqəmsal platformaların birgə məsuliyyət daşıdığı strateji əhəmiyyətli məsələyə çevrilib. Azərbaycanın bu istiqamətdə atdığı addım gələcək nəslin sağlam inkişafının təmin olunmasına, onların təhlükəsiz informasiya mühitində formalaşmasına və rəqəmsal dünyaya daha hazırlıqlı şəkildə inteqrasiyasına xidmət edir”.

S.Salmanova sonda bildirib ki, uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni hüquqi tənzimləmələr məhdudlaşdırıcı deyil, qoruyucu xarakter daşıyır:

“Bu təşəbbüs müasir dövrün reallıqlarına uyğun, beynəlxalq təcrübəyə əsaslanan və gələcək nəslin mənafelərini prioritet hesab edən dövlət siyasətinin mühüm istiqamətlərindən biridir”.