BAKI, 4 avqust. TELEQRAF
Son parlament seçkilərində qalib gəlmiş “Vətəndsaş Müqaviləsi” partiyasının sədri Nikol Paşinyanın başçılığı altında Ermənistanda artıq yeni-köhnə hökumət yaradılıb.
Belə ki, Nikol Paşinyan əvəvlki hökumətin üzvlərini öz postlarında saxlayıb, yeganə yenilik David Tadevosyanın Nəqliyyat və İnfrastruktur naziri postuna gətirilməsidir.
Eyni zamanda, Tiqran Xaçatryan və Mger Qriqoryan baş nazirin müavinləri təyin olunublar. Bundan başqa, Ermənistan parlamentinin sədri vəzifəsinə əvvəlki spiker Alen Simonyanın müavini Ruben Rubinyan seçilib. Xatırladaq ki, Ruben Rubinyan Türkiyə ilə münasibətlərin tənzimlənməsi üzrə Ermənistanın xüsusi nümayəndəsi olub.
Göründüyü kimi son illər açıq-aşkar Qərbpərəst siyasət yürüdən Nikol Paşinyan özünə sadiq komandanı qoruyub saxlayıb. Bununla belə, bir çox ekspertlər tərəfindən daha çox Rusiya yönümlü siyasət kimi qiymətləndirilən Ararat Mirzoyan yenə də hökumətdə Xarici İşlər Naziri kimi fəaliyyətini davam etdirəcək. Bu baxımdan, onun öz postunda saxlanmasının Moskva ilə gərgin münasibətlərin tənzimlənməsinin İrəvan üçün prioritet vəzifələr sırasında olmasından irəli gələ bilər.
Bu məqam xüsusilə də Nikol Paşinyanın ötən həftə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında sonuncunun Ermənistanın baş naziri qarşısında Avropa İttifaqı (Aİ) ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etməklə bağlı növbəti ciddi xəbərdarlığı fonunda daha qabarıq nəzərə çarpır.
Rusiya və Aİİ ilə əməkdaşlığın üstünlüklərindən istifadə etməklə yanaşı, Aİ, ABŞ və ayrı-ayrı NATO dövlətləri ilə ikitərəfli siyasi-iqtisadi qarşılıqlı əlaqələri genişləndirməyə çalışan Ermənistan “bizə belə sərf edir” siyasəti yürüdür”. Lakin hər iki tərəfdən iqtisadi-siyasi dividendlər qazanmaq takitkası həm Moskvanın, həm də Brüsselin maraqları ilə ziddiyyət təşkil edir. Rusiya Ermənistandan Cənubi Qafqazda əsas müttəfiq kimi öz öhdəliklərini yerinə yetirməsini gözləsə də, Avropa institutları getdikcə İrəvandan siyasi aydınlıq və ümumavropa kursuna uyğun xarici siyasət yürütmək tələbini qoyurlar.
Bu fonda hazırda Ermənistanın daxili və xarici siyasətini formalaşdıran iki potensial referendum xüsusi əhəmiyyət kəsb edir. Birincisi, ölkə konstitusiyasında dəyişiklik edilməsi və Azərbaycanla yekun sülh müqaviləsinin imzalanmasına mane olan müddəaların aradan qaldırılması ilə bağlıdır.
Ermənistanın Aİİ-də davamlı iştirak perspektivləri ilə bağlı olan ikinci referendum isə dövlətin qarşıdakı onilliklər üçün geosiyasi istiqamətini effektiv şəkildə müəyyənləşdirməlidir. Hər iki məsələ təkcə daxili siyasi vəziyyətə yox, həm də regional təhlükəsizlik sisteminə, Cənubi Qafqazda iqtisadi münasibətlərin arxitekturasına və aparıcı xarici oyunçuların maraqlarının balansına birbaşa təsir göstərir.
Azərbaycanla sülh müqaviləsinin imzalanması Nikol Paşinyan hökumətinin əsas siyasi hədəflərindən biri olaraq qalır və sülh gündəliyinin son hüquqi rəsmiləşdirilməsi uzunmüddətli regional sabitlik üçün ilkin şərt kimi qiymətləndirilir.
Lakin Ermənistan Konstitusiyasında Azərbaycana qarşı yer alan ərazi iddiaları sülh gündəliyinə əsas maneədir. Maraqlıdır ki, Baş nazir Nikol Paşinyan dəfələrlə ölkə konstitusiyasında müvafiq dəyişikliklərin edilməsi zərurətini başa düşdüyünü bildirsə də, məhz həmin müddəaların ölkənin əsas qanunundan çıxarılacağını açıq şəkildə dilə gətriməyib. Həm də bu təşəbbüsün həyata keçirilməsi ilə bağlı ciddi daxili siyasi etirazlar var.
Əvvəla, Konstitusiyaya dəyişiklik üçün referendum tələb olunur ki, bu da parlamentdə konstitusion çoxluq və yüksək dərəcədə ictimai dəstək qazanılmadan mümkün deyil. Parlament seçkilərində qələbəyə baxmayaraq, hakim komanda ciddi risklərə getmədən bu prosesə başlamaq üçün kifayət qədər inandırıcı siyasi üstünlük əldə etməyib.
İkincisi, müxalifət qüvvələri konstitusiya dəyişikliyini Qarabağ məsələsində faktiki olaraq məğlubiyyətin etirafı kimi görür və bu məsələdən etirazçı elektoratın səfərbərliyi üçün istifadə etməyə hazırdırlar. Konstitusiya islahatlarının olmaması Azərbaycanla sülh müqaviləsinin imzalanmasını gecikdirir, referendum keçirilməsi isə ciddi daxili siyasi risklər yaratmaq təhlükəsi yaradır. Beləliklə, Nikol Paşinyan sülh prosesini başa çatdırmaq zərurəti ilə öz hakimiyyətinin sabitliyini qorumaq seçimi arasında qalıb.
Bundan əlavə, konstitusiya həllinin təxirə salınması beynəlxalq vasitəçilərin Ermənistan rəhbərliyinin öhdəliklərini yerinə yetirmək qabiliyyətinə olan inamını sarsıdır. Aİ və ABŞ isə Cənubi Qafqazın sabitləşdirilməsində əsas amil kimi Ermənistan-Azərbaycan sülh prosesinin tez bir zamanda başa çatmasında maraqlıdırlar.
Ermənistanın Aİİ-də üzvlüyünü davam etdirməklə dividendlər qazanması ilə bağlı potensial referendum isə İrəvanın Rusiya ilə münasibətlərinə birbaşa təsir göstərir.
Moskva Ermənistan tərəfini getdikcə daha çox Aİİ daxilində inteqrasiya öhdəliklərinə sadiqliyini açıq şəkildə təsdiqləməyə məcbur edir. Belə ki, son illərdə Ermənistan Aİ, ABŞ və bir neçə NATO ölkəsi ilə qarşılıqlı əlaqələrini əhəmiyyətli dərəcədə gücləndirib, eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) iştirakını faktiki olaraq dondurub. Moskvanın fikrincə, belə bir siyasət Ermənistanın Avrasiya inteqrasiya məkanındakı gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaradır. Buna görə də, referendum keçirmək Ermənistan cəmiyyətinin siyasi seçimini qəti şəkildə ortaya qoya bilər.
Lakin Paşinyan hökuməti üçün nəticəsindən asılı olmayaraq belə referendum son dərəcə riskli bir ssenari deməkdir. Vətəndaşların əksəriyyətinin Ermənistanın Aİİ-dən çıxmasını dəstəklədiyini nəzərdə tutan ssenaridə Rusiya ilə münasibətlərin daha da pisləşməsi qaçılmaz bir nəticə olacaq. Ermənistan iqtisadiyyatının Rusiya bazarından, enerji resurslarından, pul köçürmələrindən və nəqliyyat infrastrukturundan davamlı olaraq yüksək asılılığı nəzərə alınmaqla, belə bir qərarın ciddi iqtisadi nəticələri ola bilər.
Moskva artıq iqtisadi təsir alətlərindən istifadə etməyə hazır olduğunu sərgiləyir. Kənd təsərrüfatı məhsulları və süd məhsulları da daxil olmaqla, Ermənistan məhsullarının idxalına qoyulan məhdudiyyətlər buna sübutdur. Ərzaq ixracı xüsusilə həssas olaraq qalır, çünki Ermənistan kənd təsərrüfatı məhsullarının əhəmiyyətli bir hissəsi ənənəvi olaraq Rusiya bazarına yönəlib. Bu bazara çıxışın məhdudlaşdırılması fermerlərin gəlirlərinin azalmasına, işsizliyin artmasına və daha da sosial gərginliyə səbəb ola bilər.
Referendumun nəticələrinə əsasən, Ermənistanın Aİİ-də üzvlüyünü saxlaması da əhəmiyyətli siyasi itkilərə səbəb ola bilər. Bu halda, İrəvanın Aİ ilə münasibətlərdəki mövqeyi xeyli zəifləyəcək. Brüssel səsvermənin nəticələrini Ermənistanın Rusiya inteqrasiya modelinə sadiqliyinin qəti təsdiqi kimi qiymətləndirə bilər. Bu, Avropa institutlarının siyasi dəstəyinin səviyyəsini azaldacaq və daha da yaxınlaşma perspektivlərini şübhə altına alacaq.
Beləliklə, səsvermənin nəticəsindən asılı olmayaraq, iki alternativ xarici siyasət yolu ayrıcında qalan rəsmi İrəvan belə bir referendumun keçiirlməsini mümkün qədər təxirə salmağa çalışır. Maraqlıdır ki, Moskvanın tezliklə referendum keçirilməsi tələbinə Nikol Paşinyan öz etirazını Aİ-yə qoşulmaq üçün Ermənistanın rəsmi ərizə təqdim etməməsi ilə əsaslandırır. Bununla İrəvan faktiki olaraq vaxt qazanır, yekun qərardan yayınır və siyasi manevrlər üçün yer saxlayır. Paşinyanın bununla bağlı “biz nə vaxt istəsək belə qərar qəbul edəcəyik” bəyanatının qarşılığında isə Rusiya Ermənistanın Aİ-yə istiqamətlənmiş yolunu maliyyələşdirmək fikrində olmadığını İrəvanın diqqətinə çatdırıb.
Bu strategiya İrəvana Brüssel qarşısında dönməz öhdəliklər götürmədən Moskva ilə danışıqlarda Avropa faktorundan arqument kimi istifadə etməyə imkan verir. Lakin Rusiya ilə kollektiv Qərb arasında qarşıdurma gücləndikcə, bu cür balanslaşdırma üçün məkan tədricən daralır.
Mövcud vəziyyətin özəlliyi iki ölkə arasında yüksək dərəcədə iqtisadi qarşılıqlı asılılıqdır. Ermənistanın Aİ və ABŞ ilə əlaqələri intensivləşsə də, Rusiya İrəvanın ən böyük ticarət tərəfdaşı olaraq qalır. Ən əsası isə Rusiya Ermənistanın ucuz enerji təchizatında aparıcı aktor rolunu oynayır.
Rusiya-Ermənistan münasibətlərində ən çox diqqət çəkən epizodlardan biri də Cənubi Qafqaz Dəmir Yolu (CQDY) ilə bağlı mübahisənin başlamasıdır. Formal olaraq, bu, Ermənistan dövləti ilə Rusiya Dəmir Yollarının (RDY) törəmə müəssisəsi arasında güzəştli müqaviləsinin həyata keçirilməsi yönündə biznes məsələsidir. Lakin bu münaqişənin siyasi əhəmiyyəti daha genişdir.
Nikol Paşinyanın mövcud dəmir yolu idarəetmə modelinin yenidən nəzərdən keçirilməsi ehtimalı ilə bağlı açıqlamaları Ermənistan rəhbərliyinin ölkənin əsas nəqliyyat infrastrukturu üzərində tam dövlət nəzarətini qaytarmaq istəyinə dəlalət edir. Bu kontekstdə infrastruktur təkcə iqtisadi aktiv kimi deyil, həm də dövlət suverenliyinin elementi kimi qəbul olunur.
Baş nazirin Rusiyaya qarşı ildə iki milyard dollara qədər maliyyə tələbləri irəli sürə biləcəyi barədə açıqlamaları xüsusilə rezonans doğurub. Belə iddiaların ortaya çıxması Ermənistan-Rusiya dialoqunun keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyduğunu göstərir. Əslində, İrəvan əvvəllər uzunmüddətli və siyasi cəhətdən sərfəli sayılan müqavilələri yenidən nəzərdən keçirmək istəyini sərgiləyir ki, bu da Paşinyan hökumətinin Rusiya iqtisadi institutlarından asılılığı azaltmaq üzrə ümumi siyasəti ilə uzlaşır.
Moskva isə əksinə, dəmir yolunun qüvvədə olan beynəlxalq müqavilə əsasında idarə edildiyini və güzəşt illərində infrastrukturun modernləşdirilməsi, hərəkət heyətinin təkmilləşdirilməsi və nəqliyyat təhlükəsizliyinin təminatı üçün əhəmiyyətli investisiyaların qoyulduğunu vurğulayır. Nəticə etibarilə, əməkdaşlıq şərtlərində hər hansı bir birtərəfli dəyişiklik hüquqi və maliyyə nəticələrinə səbəb olacaq.
Rusiya rəsmilərinin investisiya kompensasiyası üçün əks iddialar ehtimalını getdikcə artırması təsadüfi deyil. Moskva bununla da müqavilələrin yenidən nəzərdən keçirilməsi cəhdlərinin Ermənistan üçün rəsmi İrəvanın düşündüyündən xeyli baha başa gələ biləcəyini nümayiş etdirir.
İqtisadi komponentdən başqa, CQDY ilə bağlı mübahisənin fərqli bir geosiyasi ölçüsü var. Belə ki, dəmir yolu şəbəkəsi Cənubi Qafqazın nəqliyyat arxitekturasının ən vacib elementlərindən biridir. Yeni tranzit marşrutları, Azərbaycanla Naxçıvan arasında əlaqələrin açılması və beynəlxalq nəqliyyat layihələrinin həyata keçirilməsi ilə dəmir yolu infrastrukturuna nəzarət strateji əhəmiyyətə malikdir. Buna görə də, CQDYolu ilə bağlı münaqişəyə yalnız biznes mübahisəsi kimi baxmaq olmaz. Bu, regionun gələcək nəqliyyat axınları üzərində nəzarət uğrunda mübarizəni əks etdirir.
Nikol Paşinyanın son açıqlamaları Ermənistanın xarici siyasət konsepsiyasının tədricən transformasiyasını göstərir. Onilliklər ərzində Rusiya ilə hərbi-siyasi ittifaq milli təhlükəsizliyin təməli sayılsa da, bu gün Ermənistan rəhbərliyi alternativ tərəfdaşlıq şəbəkəsinin yaradılmasının zəruriliyini açıq şəkildə bəyan edir.
Baş nazirin sözlərinə görə, Ermənistan artıq Fransa, ABŞ, Böyük Britaniya, Hollandiya, Çin və bir sıra digər ölkələrlə strateji əməkdaşlıq sənədləri imzalayıb. Beləliklə, İrəvan artıq Rusiya ilə münasibətlərə xarici siyasətinin yeganə təməli kimi baxmadığını nümayiş etdirməyə çalışır.
Yeni konsepsiya eksklüziv ittifaqlardan imtina ideyasına əsaslanır. Ermənistan rəhbərliyi özünü tək bir geosiyasi blokla məhdudlaşdırmadan müxtəlif güc mərkəzləri ilə eyni vaxtda münasibətlər qurmaq niyyətini vurğulayır.
Lakin, məhz bu yanaşma Moskvada ən böyük qıcığa səbəb olur. Rusiya ənənəvi olaraq Cənubi Qafqaza öz prioritet maraqları məkanı kimi baxır və Qərb dövlətlərinin artan siyasi mövcudluğuna son dərəcə həssasdır. Bu kontekstdə Ermənistan-Amerika, Ermənistan-Fransa və Ermənistan-Avropa əməkdaşlığının intensivləşməsi xarici siyasətin təbii şaxələndirilməsi kimi deyil, Rusiyanın təsirinin tədricən yerdəyişməsi kimi qəbul edilir.
Öz növbəsində, Brüssel də Ermənistandan daha böyük aydınlıq gözləyir. Avropa qurumları getdikcə daha aydın şəkildə bildirirlər ki, Avropaya inteqrasiya yolunda daha da irəliləmək üçün İrəvanın xarici siyasətini Rusiyaya qarşı sanksiyalar rejimi, viza siyasəti və Rusiya strukturlarından iqtisadi asılılığın azaldılması da daxil olmaqla, ümumavropa yanaşmaları ilə uyğunlaşdırması tələb ediləcək.
Beləliklə, çoxvektorlu siyasət üçün məkan tədricən daralır. Ermənistan hər iki güc mərkəzinin aydınlıq tələb etdiyi və strateji balansın qorunması ehtimalının getdikcə qeyri-real olduğu bir vəziyyətlə üzləşir.
Sahil İsgəndərov, politoloq