BAKI, 4 avqust. TELEQRAF

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ziyafət müəllim, Prezident İlham Əliyevin bu yaxınlarda Qırğızıstana səfəri çərçivəsində keçirilən görüşlər Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşündə verilən mesajlar diqqət mərkəzindədir. İndiki halda Azərbaycanın həm türk dövlətləri çərçivəsində olan platformada aktiv iştirakı, həm də Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət Görüşündə mühüm yer almasını necə səciyyələndirirsiniz?

- Azərbaycanın bu kimi platformalarda vacib aktor kimi yer alması mühüm önəm kəsb edir. Ümumiyyətlə, Qırğızıstan Prezidenti Sadır Japarov yenidən dövlət başçısı seçiləndən sonra Azərbaycanın əhəmiyyətini daha yüksək səviyyədə dəyərləndirərək ölkəmizlə münasibətlərə xüsusi diqqət yetirməyə başladı. Təbii ki, bunun qarşılığı da oldu. Prezident İlham Əliyevin bu yaxınlarda Qırğızıstana dövlət səfəri bu xüsusda mühüm amil kimi dəyərləndirilir.

Səfərin yüksək səviyyədə baş tutması, iki ölkə arasında imzalanan sənədlərin xarakteri münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyinin əyani təzahürüdür. Artıq Azərbaycanla Qırğızıstan arasındakı münasibətlər müttəfiqlik səviyyəsinə çatıb. Təbii ki, Mərkəzi Asiyada Qırğızıstan Azərbaycan üçün mühüm dövlətdir. İpək Yolunun üzərində yerləşən bir dövlət kimi onun əhəmiyyəti ölkəmiz üçün böyükdür.

- Qarşılıqlı olaraq atılan addımların mədəni, iqtisadi-siyasi və digər sahələrə təsiri nədən ibarətdir?

- Artıq Azərbaycan Qırğızıstana investisiya qoyub. Bu xüsusda Azərbaycan kapitalı bu ölkədə özünə layiqli yer alıb. Ölkəmizin vəsaiti hesabına Qırğızıstanda İssık-Kul gölünün sahilində beşulduzlu “Baku Resort & Spa” mehmanxanasının açılışı bunun bariz nümunəsidir. Eyni zamanda Azərbaycanla Qırğızıstan arasında inkişaf fondunun 200 milyona çatdırılması göstərir ki, iki ölkənin qardaşlıq üzərində formalaşan münasibətləri müttəfiqlik və əməkdaşlıq səviyyəsində də uğurla inkişaf edir. Azərbaycan tərəfi bundan sonra da bu münasibətlərin inkişafında maraqlıdır.

- Azərbaycanla Mərkəzi Asiya arasında əməkdaşlıq regional və qlobal baxımından nə vəd edir?

- Prezident İlham Əliyev tərəfindən Orta Asiya dövlətləri ilə münasibətlərə mühüm önəm verilməsi təbiidir. Çünki Orta Asiya dövlətlərindən Avropaya çıxış yolu demək olar ki, Azərbaycandan keçir. Orta Asiyada da bu reallığı dərk edirlər. Ölkəmizin rəhbərinin Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşündə də üzv dövlət kimi iştirakı bu xüsusda mühüm əhəmiyyət kəsb edir.

Bütün bunlar nəticə etibarı ilə Azərbaycanın region üçün nə qədər önəmli dövlət olduğunu bir daha göstərdi. Azərbaycan Prezidentinin Qırğız Respublikasının ali dövlət mükafatı – “Manas” ordeni ilə təltif olunması da bunun bariz nümunəsidir. Bu kimi münasibətlər təkcə Qırğızıstanla deyil, bütün Orta Asiya dövlətləri ilə bundan sonra da uğurla davam edəcək.

- Ziyafət müəllim, Ermənistanda parlament seçkiləri baş tutdu, Baş nazir Nikol Paşinyanın komandası bu seçkidən qalib çıxdı. Artıq parlamentin və hökumətin formalaşdırılması istiqamətindən atılan addımlar fonunda Azərbaycanla yekun sülh sazişinin imzalanması və buna yeganə əngəl olan Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsi gündəmdədir. Nəhayət, rəsmi İrəvan sülhə yeganə əngəl olan məsələnin aradan qaldırılması üçün yekun qərar verə biləcəkmi?

- Azərbaycanın Ermənistandan sülhlə bağlı gözləntisi tam aydındır. Bu, dəfələrlə qarşı tərəfin nəzərinə çatdırılıb. Azərbaycana ərazi iddialarını ehtiva edən müddəalar Ermənistan konstitusiyasından çıxarılmalıdır.

Ermənistanda son parlament seçkilərinin ardınca inzibati vəzifələrə yeni şəxslərin təyinatı və seçkisi aparılıb. Bu xüsusda Ruben Rubinyanın Ermənistan parlamentinin sədri seçilməsini misal göstərmək olar. Bu vəzifəyə qədər o, Ermənistan parlamentinin sədr müavini işləyib, eyni zamanda Türkiyə ilə danışıqlara rəhbərlik edib. Həmçinin Rubinyan Türkiyədə 6 ay çalışıb, orada tədqiqat işləri aparıb. Özünün dediyinə görə, türk dilini yaxşı bilir.

Hər bir halda parlament seçkilərindən sonra Ermənistanda gedən proseslər onu deməyə əsas verir ki, qarşıdan duran əsas məsələlər yekunlaşmalıdır. Yəni Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar çıxarılmalıdır. Bu isə referendumla həll olunan məsələdir. Erməni tərəfinin bunu necə, nə vaxt və hansı səmimiyyətlə edəcəyini zaman göstərəcək. Hər halda biz buna inanmaq istərdik.