Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Aydın müəllim, Vətən müharibəsindən il yarımdan artıq vaxt keçib. Postmünaqişə dövrünü, proseslərin gedişini necə qiymətləndirirsiniz?

- Vətən müharibəsindən sonra da Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü sona qədər müdafiə edəcəyini bütün dünyaya göstərdi. Eyni zamanda postmünaqişə dövrünün də heç də asan gedəcəyi proqnozlaşdırılmırdı. Aydın məsələ idi ki, müharibəni uduzmuş Ermənistanda revanşist qüvvələr baş qaldıracaq. Azərbaycanın öz gücünə ərazi bütövlüyünü təmin etməsi xaricdə müəyyən dairələrin heç də ürəyincə deyildi. Bütün bu məsələlər il yarım ərzində özünü açıq şəkildə göstərdi. Bununla belə Azərbaycanın qəti mövqeyi beynəlxalq birlik tərəfindən müdafiə edilir. Böyük dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ölkəmizin mövqeyinə hörmətlə yanaşır. Beynəlxalq ictimaiyyətin tanınmış nüfuzlu şəxsləri Azərbaycana səfər edir, ölkəmiz barəsində daha çox məlumatlar əldə edir. Ümumilikdə isə postmünaqişə dövrü ilə bağlı Azərbaycanın götürdüyü xətt düzgündür. Məhz bundan sonra Cənubi Qafqazda olan vəziyyət Azərbaycan beynəlxalq hüquqa uyğun siyasəti üzərində qurulur.

- Azərbaycanın Ermənistana təqdim etdiyi 5 prinsipdən ibarət sülh konsepsiyasının perspektivi haqqı hansı düşüncələr var?

- Ölkəmizin Ermənistanla sülh müqaviləsi üzərində təqdim etdiyi 5 mühüm prinsip əslində Cənubi Qafqazda sülhün bərqərar olması üçün vacib amildir. Bu, Cənubi Qafqazda sülh və sabitlik üçün 5 prinsip kimi də qəbul edilə bilər. Müşahidə edilən odur ki, daha çox dövlət, siyasi təşkilat bu prosesdə iştirak etməkdədir. Azərbaycana sülhü möhkəmləndirmək üçün tərəfdaşlığın haradan gəlməsinin heç bir fərqi yoxdur. Ölkəmiz sülh və sabitlik üçün bütün tərəflərlə əməkdaşlığa hazırdır.

- Ermənistan yeni reallığa nə dərəcədə edekvat yanaşır?

- Erməni tərəfi gec-tez Azərbaycanın möveyini qəbul etməlidir. Ermənistan bunu rəsmi şəkildə elan etsə də, məsələnin görünən tərəfi odur ki, bu ölkədə tez-tez mövqe dəyişikliyi baş verir. Onlar mümkün qədər prosesi manipulyasiya etməyə çalışır. Sanki Azərbaycandan nəyisə daha çox qoparmağa cəhdlər edilir. Amma ortada olan fakt ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq tanınmalıdır. Mehriban qonşuluq siyasətinə uyğun münasibətlər formalaşmalıdır. Bu ilk növbədə Ermənistanın özünə lazımdır. Azərbaycan öz dövlətçiliyini qurub, özünün istisadiyyatı, beynəlxalq birlik qarşısında nüfuzu var. Ermənistan isə təsadüfən qazanılmış olan dövlətçiliyini bu gün ancaq və ancaq qonşu dövlətlərlə normal münasibətlər qurmaqla təmin edə bilər. Bu da ilk növbədə Azərbaycan və Türkiyədən asılıdır. Onların bu yanaşmalarda nə dərəcədə səmimi olacaqlarını gələcək göstərəcək. Azərbaycan buna hazırdır.

- Bu günlərdə Ermənistanda keçirilən aksiyaların məqsədi nədir? Hələ də bəziləri "bəlkə, qaytardılar", - kimi sərsəm düşüncəyə inanır, yoxsa başqa planın bir parçasıdır?

- Əvvəlki dövrə artıq qayıdış mümkün deyil. Dünya dəyişib, Azərbaycan dəyişib və güclənib. Ermənistanın aqressiv siyasəti situasiyanı süni sürətdə öz xeyirnə dəyişməsi isə artıq onların nağıllarından başqa bir şey deyil. Ermənistanda aparılan ümumi rəy sorğusunun alt qatında başqa variantın olmadığı yavaş-yavaş beyinlərdə oturuşmağa başlayır. Yəni, sadə erməni vətəndaşı üçün əsas məsələ onun ailəsinin təhlükəsizliyi, sosial ehtiyaclarıdır. Ona görə də bu, sabit gələcəkdən asılıdır. Revanşistlərlə isə bunun sonu yoxdur. Kimin nə düşünməsindən, nəyi bəyan etməsindən asılı olmayaraq artıq yeni bir reallıq var. Bu reallıq da Azərbaycan ərazi bütövlüyünü təmin etməsidir. Ermənistanın Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasıdır. Ermənistanın beynəlxalq hüquq normaları ilə yaşaması onun özü üçün bir həyat norması seçməsindən asılıdır.